Ukraynanın Rusiyanın Ryazan vilayətinə həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumundan sonra Rusiyanın ən böyük elektron ticarət şirkətlərindən biri olan "Wildberries"ə məxsus logistika mərkəzində yanğın baş verib.
Referans Media xəbər verir ki, hadisə zamanı obyekt ərazisindən qalın qara tüstünün yüksəldiyi görüntülənib. Rusiya rəsmiləri bölgədəki müəssisələrdən birində yanğın baş verdiyini təsdiqləyib.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, hava hücumundan müdafiə sistemləri PUA hücumunun qarşısını almağa çalışıb. Hadisə zamanı şəhərdə yerləşən müəssisələrdən birində yanğın qeydə alınıb. Əraziyə çox sayda yanğınsöndürən və fövqəladə hallar əməkdaşı cəlb olunub.
Şahidlərin sosial şəbəkələrdə paylaşdığı görüntülərdə Ryazan yaxınlığındakı sənaye zonasından güclü tüstünün qalxdığı görünür. Rusiya və Ukrayna mənbələrinin məlumatına görə, yanğın Ryazanski Sənaye Parkında yerləşən "Wildberries"in "Ryazan: Tyuşevskaya" çeşidləmə və logistika mərkəzində baş verib.
Hücumdan sonra "Wildberries" təhlükəsizlik tədbirləri çərçivəsində həmin logistika mərkəzində fəaliyyətin müvəqqəti dayandırıldığını açıqlayıb. Şirkət əməkdaşların və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə logistika əməliyyatlarının dayandırıldığını bildirib.
Ryazandakı hadisənin Ukraynanın son günlərdə "Wildberries" obyektlərinə qarşı həyata keçirdiyi hücumların davamı olduğu qeyd edilir. Ukrayna tərəfi şirkətin bəzi anbarlarının Rusiya ordusunun logistika fəaliyyətinə dəstək verdiyini iddia edir. Kremlin isə bu ittihamları rədd etdiyi bildirilir.
