Çimərliyə gedərkən bunu NƏZƏRƏ ALIN: Sağlamlıq riski yaradır

Yay aylarında çimərliklərdə insanların isti qumun üzərində uzanaraq günəş vannası qəbul etməsi geniş yayılmış vərdişlərdəndir. İsti qumun bədən üçün müalicəvi təsirə malik olması ilə bağlı fikirlər səslənsə də, yüksək temperaturda uzun müddət qum üzərində qalmaq və günəş şüalarına həddindən artıq məruz qalmaq müəyyən sağlamlıq riskləri yarada bilər.

Bəs, isti qum üzərində günəş vannası qəbul etməyin real faydaları varmı və bu vərdiş hansı hallarda insan sağlamlığı üçün təhlükəli ola bilər?
Çimərliyə gedərkən bunu NƏZƏRƏ ALIN: Sağlamlıq riski yaradır

Referans Media bildirir ki, məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Rasif Bağırov qeyd edib ki, isti qumun üzərində uzananda qumun istilik təsiri bədəndə damarların genişlənməsinə, kapilyarların açılmasına və qanın hərəkət sürətinə təsir göstərir.

"Bu zaman oynaqlarda, əzələlərdə və ümumilikdə bədəndə qan dövranı yaxşılaşır, kapilyarlar açılır və qanla təchizat güclənir. Bu baxımdan isti qumun üzərində uzanma müəyyən qədər faydalı effekt verə bilər. Bundan əlavə, günəş vannası qəbul etmək də orqanizm üçün müəyyən qədər faydalıdır. Günəş şüalarının təsiri ilə D vitamini qəbul olunur. Lakin burada əsas şərt günəş vannasının hansı vaxtda qəbul edilməsidir. Günəşin orqanizmə həm müsbət, həm də mənfi təsir göstərdiyi vaxtlar var. Adətən səhər saat 11-ə qədər günəşin faydalı təsirləri daha çox olur. Günəş zenitə qalxmağa başladıqda, yəni şüalar daha düz bucaq altında düşdükdə ultrabənövşəyi şüaların təsiri güclənir və bu təsir saat 15:00-a qədər davam edir".

Ekspert bildirib ki, saat 11:00-dan 15:00-a qədər günəş şüalarının altında qalmaq ultrabənövşəyi şüaların təsirindən müxtəlif dərəcəli yanıqlara səbəb ola bilər:

"Əksər hallarda birinci dərəcəli yanıqlar baş verir. Bədənin böyük hissəsini birinci dərəcəli yanıq tutduqda isə xəstələrdə ağır fəsadlara yol aça bilər. Bundan əlavə, dəridə xərçəng xəstəliyindən tutmuş müxtəlif dəri xəstəliklərinə qədər bir sıra problemlər yarana bilər. Ona görə də qumun üzərində uzanmaq üçün səhər saat 11:00-a qədər və saat 15:00-dan sonrakı vaxtlara üstünlük vermək daha faydalıdır. Bu zaman günəşin orqanizmə, o cümlədən immunitetə müsbət təsirləri ola bilər".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki