İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin mövcud siyasətini və dəniz blokadasını davam etdirməsi halında Hörmüz boğazının təhlükəsiz keçid marşrutu olmayacağını bildirib.
Referans Media xəbər verir ki, Bəqayi qeyd edib ki, İran hazırda ABŞ ilə birbaşa danışıqlar aparmır, lakin vasitəçi ölkələr üzərindən qarşılıqlı mesaj mübadiləsi həyata keçirilir. O, Omanla aparılan danışıqların konstruktiv və müsbət istiqamətdə davam etdiyini söyləyib.
İranlı sözçünün sözlərinə görə, ABŞ-nin blokadanı davam etdirməsi halında Hörmüz boğazının təhlükəsizliyinə zəmanət vermək mümkün olmayacaq.
Bəqayi həmçinin bildirib ki, dəniz blokadasının aradan qaldırılması və ABŞ-nin hücumlarının qarşısının alınması üçün yalnız diplomatik vasitələrdən deyil, hərbi imkanlardan da istifadə edilir.
O, Pakistanın İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçini ölkəyə dəvət etdiyini və səfərin uyğun şəraitdə baş tutacağını da açıqlayıb.
