ZAMANIN VƏ SƏSİN SALNAMƏSİ:
Sənət tarixi sübut edir ki, böyük istedadlar boşluqda yetişmir; hər parlaq səsin arxasında sarsılmaz mənəvi sütunlar dayanır.
Almaxanımın ifasındakı aristokratik duruş, səhnə əzəməti və səsinin kübar tembri onun qan yaddaşı ilə sıx bağlıdır. Bu şəcərə bir tərəfdən Anadolu – Manisa Sultan Əhməd xanədanının saray kübarlığına, digər tərəfdən Şah İsmayıl Xətainin mənəvi fəlsəfəsini və döyüş ruhunu daşıyan Qızılbaş müridlərinin irsinə bağlanır; bu kök əsrlər boyu Abşeronun Pirşağı torpağında mühafizə olunmuşdur. Ana nənə tərəfi isə Səfəvi dövlətçiliyinin mənəvi dayağı olan Qaraman tayfalarının iradəsinə və Bakının qədim qəlbi İçərişəhərin nüfuzlu “Ağşalvarlılar” zadəganlığına gedib çıxır ki, bu qan da Binəqədi kəndinin dindar, adət-ənənələrə sadiq mühitində qərar tutmuşdur.
Zamanın amansız repressiyalarında sınmayan ulu babalar bu nəslin daxili ləyaqət qanununu yazmışlar. İranda ali tibb təhsili alaraq vətənə qayıdan, Şura hökumətinin haqsızlığına uğrasa da öz evində xalqına diş həkimi kimi xidmətini davam etdirən can həkimi Sultan Əhməd — çətinlik qarşısında baş əyməmək xisləti ilə gələcək nəsillərə mənəvi miras qoydu. Ana tərəfdən ulu baba Kərbəlayi Əzim isə Kərbəla ziyarətinə getdiyi üçün vəzifəsindən uzaqlaşdırılsa da, ömrünü halal fəhləliklə keçirərək Binəqədinin mənəvi ağsaqqalına çevrildi; kənddə hər kəs onun sözünə inanır, mübahisələri onun müdrikliyi ilə həll edirdi.
XX əsrin ortalarında bu tarixin üzərinə ata babası Mahmud-Mikayılın taleyi əlavə olundu. Nəsibə Zeynalova ilə Teatr Texnikumunda oxuyarkən müharibənin yarımçıq qoyduğu gənclik arzuları 1939-cu il Fin müharibəsi və 1941-ci il Böyük Vətən müharibəsinin səngərlərində davam etdi: altı yaralanma, üç kontuziya və sinəsində iyirmi beş orden-medalla vətənə qayıdan qəhrəmanlıq dastanı. 1947-ci ildə o, təhsili müharibə ucbatından yarımçıq qalan Hacı Almaxanım xanımla ailə qurdu; bu ocaq cəmiyyətə altı övlad – Çeşmi, Əhməd, Afət, Möhsüm, Zita və Vüqarı bəxş edən nəhəng bir çinara çevrildi. Onların hər biri öz sahəsində (hüquq, mühəndislik, tibb, teatr, dövlət qulluğu) ləyaqətli iz qoydu; bu şanlı silsilənin elmi-bədii zirvəsini isə sonbeşik şair və professor Vüqar Əhməd təşkil etdi.
Vüqar Əhməd gənclik illərində tələsməmiş, ömrünün yetkin çağında, zahiri gözəllikdən çox daxili nur və intellektual zənginlik axtaran bir insan kimi Səbinə xanımla ailə qurmuşdu. Bu nikah kökü sultanlara və qızılbaşlara uzanan bir ocaqla elmin və sözün qovuşması idi. Evdə yaranan qarşılıqlı hörmət, elmi mübahisələr və poetik axşamlar gələcək övladların taleyini nurlandırdı.
2014-cü ilin martında Almaxanım Türk Xalqları Beynəlxalq Musiqi Müsabiqəsində medala və xüsusi diploma layiq görüldü. Bu, gənc xanəndənin beynəlxalq arenada qazandığı ilk rəsmi zəfər idi. Elə həmin ilin iyulunda onun “Qarabağ” adlı ilk audio diski işıq üzü gördü.Albomun adı təsadüfi seçilməmişdi: Qarabağ muğamın beşiyi idi, və o illərdə hələ işğal altında olan bu torpağın ağrısı Əhmədli ocağının da yarası idi. Almaxanım bu albomda sadəcə oxumurdu, səsi ilə Qarabağın harayını dünyaya bəyan edirdi.
Musiqişünaslar bu ifada təqlidi deyil, sənətə gətirilən təravətli bir gənclik nəfəsini gördülər.
Bu zəfərdən sonra Almaxanım Azərbaycan Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin rəsmi baş solisti statusunu qazandı. Onun ifasında bütöv şəkildə ərsəyə gələn “Şahnaz”, “Mahur-Hindi” və
“Bayatı-Şiraz” dəstgahları dövlət bədii şurasının qərarı ilə AzTV-nin “Qızıl Fond” arxivinə daxil edildi. Seyid Şuşinski, Xan Şuşinski, Şövkət Ələkbərova və Rübabə Muradova kimi korifeylərin səs sənədlərini qoruyan bu müqəddəs xəzinəyə hələ tələbəlik dövründə qəbul olunmaq musiqi tariximizdə nadir hadisə idi.
Doğma Bakıda isə Beynəlxalq Muğam Mərkəzində iki gün ard-arda anşlaqla keçən konsertlər, nəhayət, Heydər Əliyev Sarayındakı möhtəşəm solo konsertlə zirvəyə çatdı. Tarzən Məsim İslamovun rəhbərlik etdiyi “Bayatı-türk” ansamblının müşayiəti, aparıcı Azər Süleymanlının səsləndirdiyi Vüqar Əhmədin şeirləri ilə ata sözü və qız avazı unudulmaz bir sintez yaratdı.
mətni duyma peşəkarlığı (Füzuli, Nəsimi, Seyid Əzim Şirvani qəzəllərinin əruz vəznini, fəlsəfi mənasını dərk etmə bacarığı) və qırtlaq texnikası, akustik səs diapazonu. Əlibaba Məmmədov, Arif Babayev və Niyaməddin Musayev kimi sənət korifeyləri onun səsini, muğamın şöbə və guşələrini oxuma məharətini xüsusi vurğulamış, muğamın gələcəyinin əmin əllərdə olduğunu bəyan etmişlər.
2022-ci ilin oktyabrında Almaxanım sevib-seçdiyi Murad bəylə ömür yolunu birləşdirdi. Muradın atası, mərhum polis zabiti Mətləb bəyin şərəfli irsi, anası Südabə xanımın – iki yetim oğlunu tək böyüdən fədakar ananın dastanvari zəhməti bu ocağın mənəvi bünövrəsini təşkil edir. Almaxanım bu evdə özünü doğma ata-ana ocağındakı kimi sərbəst və rahat hiss etdi; iki dürüst, fədakar nəslin birləşməsi sənətkarı boğmadı, əksinə, onu daha inamlı addımlarla irəli apardı.
Beşik başında pıçıldanan laylaların saf tezlikləri onun ifasına yeni bir qat gətirib. Bu, geriyə addım deyil, sənətkarın daxili dramaturgiyasının zənginləşməsi, kamil ustad mərhələsinə keçidi idi.
