50 faizə qədər endirimlə dövlət maşınları: Ucuz qiymətin pərdəarxası

Dövlət qurumlarının balansında olan daha 15 nəqliyyat vasitəsi hərraca çıxarılır. Siyahıda müxtəlif illərin "Nissan", "Mitsubishi", VAZ, QAZ, "Chevrolet", "Hyundai", "Land Rover" və "Volkswagen" modelləri var. Bəzi avtomobillər artıq bir neçə dəfə hərraca çıxarıldığından onların start qiymətinə 25, hətta 50 faizədək endirim tətbiq edilib. Məsələn, 2014-cü il istehsalı "Hyundai Equus" 18 min manatdan, 2011-ci il "Land Rover Freelander" 6 min 750 manatdan, 2010-cu il "Volkswagen Passat" isə 5 min 700 manatdan satışa çıxarılır. Siyahıda 600-750 manatlıq avtomobillər də var.

Bəs dövlət qurumlarının balansından çıxarılan bu avtomobillər hərracda kimlərə satılır? Avtomobillərin texniki vəziyyəti necə qiymətləndirilir? Əsas sual, dövlət avtomobillərinin hərrac yolu ilə satılması dövlət büdcəsinə nə qədər gəlir gətirir və bu proses nə dərəcədə şəffaf həyata keçirilir?

Sentyabrın 15-də keçiriləcək növbəti hərracda da müxtəlif dövlət qurumlarının balansında olmuş nəqliyyat vasitələri satışa çıxarılacaq.

eldeniz.jpg (55 KB)

Referans Media bildirir ki, Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:

"Mən belə hərraclarda şəxsən iştirak etməmişəm, lakin deyə bilərəm ki, bu proses müvafiq dövlət qurumu tərəfindən təşkil olunur. Yəni balansındakı avtomobilləri satışa çıxarmaq istəyən idarə aidiyyəti quruma müraciət edir. Daha sonra həmin avtomobillər qanunvericilikdə nəzərdə tutulmuş praktika əsasında açıq hərraca çıxarılır. Buradakı əsas məqsəd artıq istismarına ehtiyac olmayan və ya istismar müddəti başa çatmış nəqliyyat vasitələrinin satışı idi. Həmin avtomobilləri istənilən uyğun fiziki və ya hüquqi şəxs əldə edə bilər. Nəqliyyat vasitələri əvvəlcədən konkret alıcı üçün nəzərdə tutulmur və start qiymətləri də bazar qiymətlərindən bir qədər aşağı təqdim olunur".

Ekspertə görə, bu avtomobillərin hərraca çıxarılmasında məqsəd daha çox gəlir əldə etmək deyil:

"Əsas məqsəd ondan ibarətdir ki, istifadədən çıxarılmış avtomobilin balansda saxlanılması faktiki olaraq dövlət üçün əlavə xərc yaradır. Ona görə də belə nəqliyyat vasitələrinin şəffaf hərracla satılması həm büdcəyə vəsait gətirir, həm də onların saxlanılması ilə bağlı əlavə xərcləri aradan qaldırır. Bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satışının şəffaflığına müvafiq dövlət qurumları tərəfindən birbaşa nəzarət olunur. ​Hərracla bağlı məlumatların mediada yayılması, bu avtomobillərin siyahısının və start qiymətlərinin müəyyənləşdirilərək dərc olunması prosesdə şəffaflığın təmin edilməsi üçün əsas şərtlərdən biridir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki