Vüqar Əhməd İran prezidentinə məktub yazdı: Ana dilinə hörmət xalqa hörmətdir!

AÇIQ MƏKTUB

İran İslam Respublikasının Prezidenti
Zati-aliləri cənab Məsud Pezeşkiana
İranda yaşayan azərbaycanlıların ana dili hüquqlarının təmin olunması haqqında

Hörmətli cənab Prezident!

Bir alim, ədəbiyyatşünas və şair kimi Sizin diqqətinizi İran İslam Respublikasında yaşayan azərbaycanlıların ana dili, milli-mədəni kimliyi və doğma dillərində təhsil almaq hüququ ilə bağlı mühüm məsələlərə cəlb etmək istəyirəm.

Dil xalqın ruhu, tarixi yaddaşı və milli varlığının ən mühüm ifadəsidir. Ana dilini qorumaq yalnız sözləri və qrammatik qaydaları yaşatmaq deyil, həm də bir xalqın əsrlər boyu yaratdığı ədəbiyyatı, elmi düşüncəni, folkloru, mənəvi dəyərləri və tarixi təcrübəni gələcək nəsillərə ötürmək deməkdir.

İran azərbaycanlıları zəngin tarixi və mədəni irsə malik olan, yaşadıqları ölkənin ictimai, elmi, ədəbi və mədəni həyatında mühüm rol oynamış böyük bir xalqın nümayəndələridir. Azərbaycan dili onların gündəlik ünsiyyət vasitəsi olmaqla yanaşı, milli yaddaşının və mənəvi bütövlüyünün də əsas dayağıdır. Bu səbəbdən həmin dilin təhsil, elm, mətbuat və ədəbiyyat sahələrində inkişafına şərait yaradılması xüsusi əhəmiyyət daşıyır.

Hörmətli cənab Prezident!

Sizin Azərbaycan dilində danışmağınız, Azərbaycana səfərləriniz zamanı bu dilə hörmət nümayiş etdirməyiniz və böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına münasibətiniz xalqlarımız arasında mənəvi yaxınlığın güclənməsi baxımından təqdirəlayiqdir.

Şəhriyarın məşhur «Heydərbabaya salam» poeması Azərbaycan xalqının yaddaşını, ana dilinin gözəlliyini, milli ruhun qüdrətini və insanın doğma torpağa bağlılığını ifadə edən nadir sənət əsəridir. Bu əsərin yaratdığı mənəvi təsir bir həqiqəti təsdiqləyir: ana dilində yazılan söz xalqın qəlbinə daha dərindən nüfuz edir, onun keçmişi ilə gələcəyi arasında canlı körpü yaradır.

Azərbaycan ədəbiyyatının tarixi də bu həqiqətin parlaq sübutudur. Nizami Gəncəvidən Nəsimiyə, Füzulidən Vaqifə, Sabirdən Şəhriyara qədər böyük sənətkarlarımızın irsi Şərq və dünya mədəniyyətinə əvəzsiz töhfələr vermişdir. Xüsusilə Şəhriyarın yaradıcılığı Azərbaycan dilinin poetik imkanlarının nə qədər geniş və qüdrətli olduğunu nümayiş etdirir.

Filologiya elmləri doktoru, professor və ədəbiyyatşünas alim kimi hesab edirəm ki, ana dilinin inkişafı məsələsi yalnız mədəniyyət sahəsinin deyil, həm də insan hüquqlarının, təhsilin və cəmiyyətin mənəvi tərəqqisinin mühüm problemidir.

İranda yaşayan azərbaycanlıların öz ana dillərində təhsil almaq imkanlarının genişləndirilməsi, Azərbaycan dilində məktəb və tədris proqramlarının yaradılması, dərsliklərin hazırlanması, elmi və bədii əsərlərin nəşrinə, qəzet və jurnalların fəaliyyətinə şərait yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

İnanıram ki, Azərbaycan dilinin öyrənilməsi və tədrisi üçün yaradılacaq imkanlar İranın çoxmillətli mədəni mühitini daha da zənginləşdirər, gənc nəslin öz milli-mədəni irsini dərindən mənimsəməsinə kömək edər. Ana dilinin inkişafına verilən dəstək cəmiyyətdə qarşılıqlı hörmət və etimadı möhkəmləndirər.

Bu məsələyə İran İslam Respublikasının Konstitusiyasında nəzərdə tutulan dil və təhsil prinsipləri, habelə insan hüquqlarına hörmət baxımından yanaşılmasının vacibliyini qeyd etmək istəyirəm. Müvafiq hüquqi imkanların həyata keçirilməsi üçün dövlət səviyyəsində atılacaq əməli addımların böyük əhəmiyyət daşıyacağına inanıram.

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlərin möhkəmlənməsində humanitar əməkdaşlığın, elmi əlaqələrin, ədəbi-mədəni mübadilənin xüsusi yeri vardır. Azərbaycan dilinin inkişafına və İranda yaşayan azərbaycanlıların ana dili hüquqlarına göstərilən diqqət bu münasibətlərin daha səmimi və etibarlı əsaslar üzərində qurulmasına töhfə verə bilər.

Mən bir alim və şair kimi əminəm ki, xalqların yaxınlaşması onların dillərinə, ədəbiyyatına və milli-mənəvi dəyərlərinə hörmətlə başlayır. Dil xalqları bir-birindən uzaqlaşdıran deyil, onları bir-birinə yaxınlaşdıran mənəvi körpüdür. Hər bir xalqın ana dilini yaşatmaq arzusu onun öz kimliyini qorumaq və gələcək nəsillərə ötürmək istəyindən doğur.

Bu baxımdan Sizdən xahiş edirəm ki, İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq, Azərbaycan dilində dərsliklərdən istifadə etmək, elmi və bədii ədəbiyyat nəşr etdirmək, milli mətbuat və mədəniyyət sahəsində fəaliyyət göstərmək imkanlarının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirəsiniz.

Mən də öz elmi və ədəbi fəaliyyətim çərçivəsində Azərbaycan dilinin, ədəbiyyatının və ortaq türk mədəni irsinin öyrənilməsi, təbliği və inkişafı istiqamətində əməkdaşlığa töhfə verməyə hazıram.

Hörmətli cənab Prezident!

Ana dilinə hörmət xalqa hörmətdir. Ana dilində təhsil isə insanın öz köklərini tanımasına, milli mədəniyyətini mənimsəməsinə və bəşəriyyətin ümumi mənəvi sərvətlərinə daha dərindən yiyələnməsinə imkan yaradır.

İnanıram ki, Azərbaycan dilinin təhsil, elm, mətbuat və ədəbiyyat sahələrində inkişafına yönələn müsbət qərarlar İran azərbaycanlılarının haqlı gözləntilərinin qarşılanmasına, ölkənizin mədəni müxtəlifliyinin qorunmasına və Azərbaycan–İran münasibətlərinin humanitar əsaslarının möhkəmlənməsinə xidmət edəcəkdir.

Ümidvaram ki, Sizin diqqətiniz və dəstəyinizlə bu məsələnin həlli istiqamətində mühüm addımlar atılacaq, Azərbaycan dilinin gələcək nəsillər üçün yaşadılması və inkişaf etdirilməsi naminə yeni imkanlar yaranacaqdır.

Sizə dövlət fəaliyyətinizdə uğurlar arzulayır, bu humanitar məsələnin ədalətli və müsbət həllinə ümid bəslədiyimi bildirirəm.

Dərin hörmətlə,

Vüqar Əhməd

Filologiya elmləri doktoru, professor
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri
Beynəlxalq, Asiya və Turan Elmlər akademiyalarının akademiki
Turanın Xalq Şairi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki