image-corekkkkkkbackend

Yanacaq qiymətləri çörək bazarını SİLKƏLƏYƏCƏK

Son vaxtlar dizel yanacağının bahalaşması ərzaq bazarında mümkün qiymət dəyişiklikləri ilə bağlı müzakirələri gücləndirib. Xüsusilə çörək istehsalında əsas xammal olan buğdanın maya dəyərinə təsir ehtimalı diqqət çəkir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Referans MEDİA-ya açıqlamasında bildirib ki, buğda istehsalı birbaşa yanacaq xərclərindən asılıdır və dizel qiymətlərindəki artım istehsal zəncirində əlavə maliyyə yükü yaradır.

İqtisadçının sözlərinə görə, əkin sahələrinin hazırlanması, şumlama və digər kənd təsərrüfatı işləri əsasən dizel yanacağı hesabına həyata keçirilir. Bu xərclərin yüksəlməsi isə buğdanın maya dəyərinə birbaşa təsir göstərir.

Akif Nəsirli qeyd edib ki, dizel yanacağının bahalaşması fonunda torpaq işlərinin dəyəri orta hesabla 10 faizə qədər arta bilər. Bu artım isə növbəti mərhələdə un istehsalçılarına ötürülür və nəticə etibarilə çörək bazarında qiymət artımı riski yaranır.

Onun fikrincə, mövcud tendensiyalar davam edərsə, 2026-cı ildə çörək və un məmulatlarında ötən ilin qiymətlərini saxlamaq çətin olacaq. Bahalaşmanın miqyası isə 3–10 faiz aralığında dəyişə bilər.

İqtisadçı, həmçinin son dörd il ərzində dizel yanacağının qiymətində təxminən 60 faizlik artımın qeydə alındığını xatırladaraq, bu prosesin ölkənin ərzaq təhlükəsizliyi baxımından ciddi nəzarətdə saxlanılmalı olduğunu vurğulayıb.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki