Dünya Bankının açıqladığı son Genişləndirilmiş İnsan Kapitalı İndeksi (HCI+) Cənubi Qafqaz ölkələri arasında diqqətçəkən mənzərə ortaya qoyub. 2026-cı ilin aprelində yenilənən reytinqə görə, Ermənistan insan kapitalının inkişafı və ondan iqtisadi səmərəlilik baxımından istifadə göstəricilərinə görə Azərbaycanı qabaqlayır.
Bu nəticə ilk baxışda paradoksal görünür. Çünki son illərdə Azərbaycanda təhsil və səhiyyə sektoruna milyardlarla manat dövlət vəsaiti ayrılıb, yeni məktəblər, universitet binaları, xəstəxanalar tikilib, müxtəlif dövlət proqramları icra olunub. Bəs onda niyə bu investisiyalar beynəlxalq reytinqlərdə gözlənilən nəticəni vermir?
Referans Media bildirir ki, məsələ ilə bağlı Musavat.com-a danışan iqtisadçı Xalid Kərimli hesab edir ki, problemin kökü maliyyənin həcmində deyil, həmin vəsaitin necə idarə olunmasındadır.
"Dünya Bankının klassik İnsan Kapitalı İndeksi əsasən uşaqların təhsil müddəti, təhsilin keyfiyyəti və səhiyyə göstəricilərini qiymətləndirirdi. Yeni HCI+ isə daha geniş yanaşma tətbiq edir. Burada yalnız insanların nə qədər təhsil aldığı və ya səhiyyə xidmətlərindən necə yararlandığı deyil, həmin bilik və bacarıqların iqtisadiyyatda hansı səviyyədə istifadə olunduğu da nəzərə alınır. Başqa sözlə, universitet diplomunun əmək bazarında real dəyəri, insanların ixtisasına uyğun iş tapmaq imkanları, yüksək məhsuldarlıqlı sahələrdə məşğulluq səviyyəsi də indeksin əsas meyarları sırasındadır. Məhz bu məqam Ermənistanın Azərbaycanı qabaqlamasını izah edən əsas səbəblərdən biri kimi göstərilir".
Onun sözlərinə görə, Ermənistan son illərdə insan kapitalını iqtisadi nəticəyə çevirməkdə daha uğurlu model formalaşdırıb.
"Ermənistanın Azərbaycanı qabaqlamasının əsas səbəbi yüksək ixtisaslı iş yerlərinin çoxluğu, universiteti bitirənlərin daha rahat iş tapa bilməsi və əmək bazarında ixtisasla məşğulluq arasında uyğunluğun yüksək olmasıdır. Xüsusilə xidmət sektoru və informasiya texnologiyaları sürətlə inkişaf edir. İT sahəsində çalışan mütəxəssislərin sayı Azərbaycandan bir neçə dəfə çoxdur. Onlar insan kapitalını daha uğurlu şəkildə iqtisadi gücə çevirə bilirlər".
İqtisadçının fikrincə, burada əsas üstünlük yalnız təhsildə deyil, iqtisadiyyatın strukturundadır. Yeni texnologiyalar, innovasiya və xidmət sektorunun genişlənməsi universitetlərdə hazırlanan kadrlar üçün real iş imkanları yaradır".
Ekspert hesab edir ki, Azərbaycanda əsas problem ayrılan vəsaitin həcmi yox, onun səmərəliliyidir. Onun sözlərinə görə, dövlət auditlərinin nəticələri də büdcə vəsaitlərinin istifadəsində ciddi problemlərin olduğunu göstərir.
"İnvestisiyanın nəticəsi qoyulan pulun həcmindən daha çox onun effektivliyindən asılıdır. Hesablama Palatasının hesabatlarında da ayrılan vəsaitlərin səmərəliliyi ilə bağlı çoxsaylı problemlər göstərilir. Əsas məsələ nə qədər pul xərclənməsi deyil, həmin vəsaitin hansı nəticəni verməsidir".
X. Kərimli bildirir ki, təhsil müəssisələrinin binalarının yenilənməsi, infrastrukturun müasirləşdirilməsi vacib olsa da, bu, insan kapitalının inkişafı üçün kifayət etmir. İqtisadçının fikrincə, universitetlərin xarici görünüşü ilə məzmun arasında ciddi fərq yaranıb.
"Universitet binalarına nə qədər vəsait ayırsaq da, əgər auditoriyalarda yetişən məzun əmək bazarının tələblərinə cavab vermirsə, universitetlə biznes arasında əlaqə zəifdirsə, innovativ iş yerləri yaradılmırsa, həmin investisiyalar gözlənilən nəticəni verməyəcək".
Ekspert hesab edir ki, təhsil sistemində əsas prioritet bina tikintisi deyil, insan resurslarının hazırlanması olmalıdır: "Əsas məsələ daş-divar deyil. Əsas məsələ müəllimdir, proqramdır, universitetdə formalaşan mühitdir".
Xalid Kərimlinin fikrincə, insan kapitalının əsasını təşkil edən iki sahədə – təhsil və səhiyyədə keyfiyyət məsələsi hələ də həllini tapmayıb.
"Müəllimlərin də, həkimlərin də peşəkarlığını artırmaq lazımdır. Cəmiyyətdə təhsilin keyfiyyəti ilə bağlı narazılıq kifayət qədər yüksəkdir. Səhiyyə ilə bağlı da insanlar çox vaxt narazılıq ifadə edirlər. Bu problemlər həll olunmadan insan kapitalının inkişafından danışmaq çətindir".
Onun sözlərinə görə, dövlət vəsaitləri nəticəyə əsaslanan mexanizmlərlə bölüşdürülməlidir: "Maliyyə ayrılması vacibdir. Amma nəticə tələb olunmalıdır. Sadəcə büdcəni artırmaq avtomatik olaraq keyfiyyət artımı demək deyil."
Ekspert hesab edir ki, ali məktəblərlə özəl sektor arasında əməkdaşlıq yetərli səviyyədə deyil. Bu isə məzunların əmək bazarına inteqrasiyasını çətinləşdirir: "Universitetlərlə sahibkarlar arasında əlaqələr gücləndirilməlidir. Təhsil sistemi bazarın sifarişinə uyğun işləməlidir."
Kərimli qeyd edir ki, Prezident İlham Əliyevin ixtisasların əmək bazarının tələblərinə uyğunlaşdırılması ilə bağlı son qərarı mühüm addımdır:
"Sərəncamın verilməsi vacibdir, amma bunun davamı olmalıdır. Tədris proqramları yenilənməli, müəllim heyəti müasir tələblərə uyğun hazırlanmalı, universitetlərdə mühit dəyişməlidir".
İqtisadçı hesab edir ki, insan kapitalının inkişafı yalnız təhsil sistemindən asılı deyil. Onun fikrincə, iqtisadiyyat kifayət qədər innovativ deyilsə, yüksək texnologiyalı istehsal və xidmət sahələri inkişaf etmirsə, yaxşı təhsil alan insanların potensialı da tam reallaşmır.
"Ali təhsil də, peşə təhsili də inkişaf etməlidir. Özəl sektor genişlənməlidir ki, ixtisaslı kadrları işlə təmin edə bilsin. Texnologiya və innovasiya sahəsində bizneslərin sayı artmalı, məhsuldar iş yerləri yaradılmalıdır".
Dünya Bankının yeni HCI+ hesabatı göstərir ki, insan kapitalı artıq yalnız məktəb və universitetlərin sayı ilə ölçülmür. Əsas göstərici həmin bilik və bacarığın iqtisadi dəyərə çevrilməsidir.
Azərbaycan son illər təhsil və səhiyyəyə böyük maliyyə resursları yönəltsə də, beynəlxalq qiymətləndirmələr göstərir ki, növbəti mərhələdə əsas diqqət vəsaitin həcminə deyil, onun səmərəliliyinə, idarəetmənin keyfiyyətinə və əmək bazarı ilə təhsil arasında əlaqələrin gücləndirilməsinə yönəlməlidir.
