Milli valyutamız olan manatın sabitiyi, bank sektorundakı mövcud mənzərə, əhalinin yığım seçimləri və gələcək devalvasiya gözləntiləri cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə Mərkəzi Bank rəhbərliyinin son açıqlamaları fonunda valyuta bazarındakı real vəziyyət böyük maraq doğurur.
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc “Referans Media”nın suallarını cavablandırıb.
Ekspertlə müsahibəni təqdim edirik:
— Vüqar müəllim, Mərkəzi Bankın son statistik göstəricilərini necə dəyərləndirirsiniz? Daxili bazarda dollara olan tələbatın azalması manatın mövqeyinə necə təsir edir?
— Mərkəzi Bank rəhbərliyinin verdiyi məlumatlar doğrudan-doğruya göstərir ki, əvvəlki dövrlərə nisbətən Azərbaycan bazarında dollara olan ehtiyac səviyyəsi azalıb. Bu da manatın mövqelərinin güclənməsini, avtomatik olaraq möhkəmlənməsi məntiqini ortaya çıxardır.
Həm bank depozitlərində manatın payının artması, həm eyni zamanda bankların dollara olan ehtiyacının azalması, əmanətlərin böyük bir hissəsinin valyutada deyil, məhz manatda saxlanılması və ümumiyyətlə, əvvəlki dövrlərdə olan psixoloji təzyiqin müəyyən qədər azalması onu göstərir ki, uzun müddət dollara olan məzənnənin sabit saxlanılması əhalidə manata olan inamın bərpası istiqamətində müəyyən dəyişiklik yaradıb.
— İnflyasiya təzyiqi və keçmiş devalvasiya təcrübəsi əhalinin psixologiyasına və yığım davranışlarına necə təsir göstərir?
— Eyni zamanda nəzərə alsaq ki, manatda çox böyük inflyasiya təzyiqi mövcuddur və bu inflyasiya təzyiqi manatın alıcılıq qabiliyyətinə daim təsir göstərir, yenə də vətəndaşların milli valyutaya ehtiyatlı yanaşmasının səbəbləri aydın olur.
2015-ci ildəki ardıcıl devalvasiyalar müəyyən psixoloji təzyiqin yenə də özünü qoruyub saxlamasına gətirib çıxarır. Vətəndaşlar düşünür ki, məzənnə yenə də dəyişə bilər, kurs fərqlənə bilər və manatın dəyəri düşə bilər. Məhz bu ehtiyatlılıq səbəbindən əhali yığımlarını manatda saxlamaqdansa, hal-hazırda üç varianta üstünlük verir:
Qızıl məmulatlarında saxlamaq;
Xarici valyutada saxlamaq;
Daşınmaz əmlaka yönəltmək.
Hal-hazırda ölkədə daşınmaz əmlakın qiymətinin yüksək olmasının səbəblərindən biri məhz budur. Yəni bu tendensiya mövcud olsa da, ümumi nəticələr onu deməyə əsas verir ki, müəyyən qədər ictimai və psixoloji sakitlik var. Manatın mövqeyindəki irəliləyiş, təbii ki, ölkə iqtisadiyyatının göstəricisidir və müsbət tendensiyadır.
— Manatın gələcək məzənnəsinə və taleyinə təsir edən əsas xarici amillər hansılardır?
— Açıq məzənnəyə təsir edən amillər təkcə daxildə qeyd olunan məsələlər deyil. Məzənnəyə təsir göstərən amillərdən birincisi dünya bazarında neft və qaz qiymətləridir ki, həmin qiymətlərin səviyyəsi manatın gələcək perspektivini müəyyən edir.
İkincisi, qlobal maliyyə bazarlarındakı situasiyadır. Böhran və ya böhranöncəsi vəziyyət, eləcə də hər hansı bir problemlərin ortaya çıxması bütün ölkələrdə milli valyutalara təzyiqin yaranmasına səbəb olur.
Üçüncü amil kimi müharibələri qeyd etmək olar. Geosiyasi qarşıdurmalar, regionlarda baş verən riskli, siyasi və iqtisadi riski özündə ehtiva edən hadisələr də təbii ki, bu prosesə gətirib çıxardır.
Bunlardan əlavə, Azərbaycanın istehsal gücünün mövcud səviyyəsi, ixrac siyasəti və ixracın büdcəyə valyuta gətirmək imkanları — bütün bunlar gələcəkdə manatın məzənnəsinə təsir göstərmək imkanı olan istiqamətlərdir. Dünyadakı ümumi iqtisadi passivlik də milli valyutalara təsir edə bilər.
— Cəmiyyəti ən çox düşündürən suallardan biri: Yaxın və ya uzaq gələcəkdə devalvasiya gözlənilirmi?
— Xüsusi olaraq qeyd etmək olar ki, hal-hazırda rəsmi Azərbaycan fiskal və monetar siyasətini həyata keçirən qurumun rəhbərinin açıqlamaları tam ehtimadla və əsasla qəbul olunmalıdır. Bundan çıxış edərək demək olar ki, yaxın müddət üçün devalvasiya ehtimalı yoxdur. İndiki devalvasiyanın qarşısının alınmasının əsas amili məhz inzibati tənzimlənmə metodu ilə manatın məzənnəsinin stabil saxlanılmasıdır.
Amma gələcəkdə belə bir risk varmı? Əlbəttə, ola bilər, ehtimal var. Əgər Azərbaycan manatı inzibati metodlarla xarici valyutalar qarşısında tənzimlənməzsə, ölkə iqtisadiyyatının real gücü daxilində manatın məzənnəsində müəyyən dəyişikliklər baş verə bilər. Yəni üzən məzənnəyə keçid faktiki devalvasiyanı reallaşdıra bilər.
Açıq, yəni üzən məzənnə barədə qərar ehtimal olunur ki, 2027-ci ilin sonlarında və ya 2028-ci ildə qəbul oluna bilər. Əgər belə bir qərar olarsa, təbii ki, bu faktiki devalvasiyaya gətirib çıxara və manatın xarici valyutalara olan nisbətində çox ciddi dəyişikliklər baş verə bilər. Amma yaxın müddət ərzində, Mərkəzi Bank rəhbərliyinin dediyi kimi, bu, gözlənilmir.
AQC sədri Vüqar Orucun təhlilləri bir daha göstərir ki, hazırkı mərhələdə dövlətin tətbiq etdiyi inzibati tənzimləmə mexanizmləri manatın sabitliyini tam təmin edir və yaxın 1 il ərzində hər hansı devalvasiya riskindən söhbət gedə bilməz. Lakin uzunmüddətli dövrdə qlobal iqtisadi proseslər, neft qiymətləri və 2027–2028-ci illərdə ehtimal olunan üzən məzənnə rejimi valyuta bazarında yeni konyuktura formalaşdıra bilər.
