Son günlər bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkə platformalarında “Dünya Göz Azərbaycan” MMC, habelə Klinikanın rəhbər tibbi heyəti barədə həqiqətə uyğun olmayan, birtərəfli və işgüzar nüfuza xələl gətirən məlumatlar yayılmışdır.
Bildiririk ki, yayılan məlumatlarda “Dünya Göz Azərbaycan” MMC-nin baş həkiminə guya cinayət işi başlanıldığı barədə iddialar irəli sürülmüşdür. Həmin məlumatlar həqiqəti əks etdirmir. Müvafiq araşdırma çərçivəsində səlahiyyətli orqanlar tərəfindən tibbi ekspertiza keçirilmiş, pasiyenti müayinə və müalicə edən həkimin, eləcə də Klinikanın təqsiri müəyyən edilməmiş və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Hazırda hər hansı şəxsin təqsirini təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud deyildir.
Buna baxmayaraq, ayrı-ayrı media subyektləri və sosial şəbəkə səhifələri tərəfindən məsələ ictimaiyyətə təsdiqlənmiş fakt kimi təqdim edilmiş, Klinikanın binasının görüntüləri, habelə həkimlərin şəxsi fotoşəkilləri yayımlanmışdır. Bu cür yanaşma həm Klinikanın işgüzar nüfuzuna, həm də həkimlərin şərəf və ləyaqətinə zərər vurur, eyni zamanda onların peşə fəaliyyətinə və ailə üzvlərinə mənəvi-psixoloji təzyiq yaradır.
“Dünya Göz Azərbaycan” MMC pasiyentlərin müraciət, şikayət və hüquqlarının müdafiəsi imkanlarına tam hörmətlə yanaşır. Hər bir pasiyentin qanunla müəyyən edilmiş qaydada dövlət orqanlarına müraciət etmək hüququ vardır. Bununla belə, hüquqi prosedurların mövcudluğu təsdiqlənməmiş məlumatların yayılması, həkimlərin təqsirli şəxs kimi təqdim olunması və tibb müəssisəsinin nüfuzdan salınması üçün əsas ola bilməz.
Klinika Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən, xarici investisiya iştirakı olan yerli hüquqi şəxsdir. “Dünya Göz Azərbaycan” MMC uzun illərdir ölkəmizdə oftalmologiya sahəsində müasir tibbi xidmətlərin göstərilməsinə, yerli və xarici mütəxəssislərin peşəkar əməkdaşlığına, habelə pasiyentlərin keyfiyyətli tibbi xidmətə çıxışının təmin olunmasına töhfə verir. Klinikada müalicə olunan və şəfa tapan yüzlərlə pasiyentimizdən təşəkkür məktubları alırıq.
Yayılan məlumatların həqiqətə uyğun olub-olmamasının yoxlanılması, onların ilkin mənbəyinin və yayılmasında rolu olan şəxslərin müəyyən edilməsi, habelə təqsirli şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə “Dünya Göz Azərbaycan” MMC tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi müraciət ünvanlanmışdır.
“Dünya Göz Azərbaycan” MMC ictimaiyyəti təsdiqlənməmiş məlumatlara etibar etməməyə, media subyektlərini isə peşə etikası, obyektivlik və qanunvericiliyin tələblərinə riayət etməyə çağırır.
Klinika bundan sonra da Azərbaycan Respublikasının qanunvericiliyinə, tibbi etikaya və pasiyent hüquqlarına hörmət əsasında fəaliyyətini davam etdirəcək, eyni zamanda öz işgüzar nüfuzunun, həkimlərinin şərəf və ləyaqətinin müdafiəsi üçün qanunla nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə edəcəkdir.
“Dünya Göz Azərbaycan” MMC
