Türkiyənin Ədirnə vilayətində yerləşən İpsala Gömrük Keçid Məntəqəsində genişmiqyaslı əməliyyat həyata keçirilib.
Referans Media xəbər verir ki, Gömrük Mühafizə qrupları tərəfindən aparılan yoxlama zamanı ölkəyə daxil olmağa çalışan yük maşınında böyük həcmdə preqabalin tərkibli maddə aşkarlanıb.
Bildirilir ki, Yunanıstandan Türkiyə istiqamətində hərəkət edən tır şübhə əsasında ətraflı yoxlamaya cəlb olunub. Yoxlama zamanı ümumi çəkisi 4 ton 321 kiloqram olan maddə aşkar edilərək götürülüb.
Rəsmi məlumatda ələ keçirilən yükün bazar dəyərinin təxminən 3 milyard 25 milyon türk lirəsi olduğu qeyd olunub.
Hadisə ilə bağlı araşdırma başlanılıb. İstintaq prosesi aidiyyəti prokurorluq orqanı tərəfindən davam etdirilir.
Qeyd olunur ki, əməliyyat narkotik cinayətləri ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilib.
