Dünyanın ən qədim və qorxunc yoluxucu xəstəliklərindən hesab olunan cüzam (Hansen xəstəliyi) ABŞ-da yenidən boy göstərməyə başlayıb. 2026-cı ilin ilk aylarında təkcə Florida ştatında 19 yeni yoluxma faktının qeydə alınması orta əsrlərin bu dəhşətli xəstəliyi ilə bağlı təşviş yaradıb.
Açıq saxlanılan suallar, xəstəliyin yoluxma riskləri və Azərbaycana çatma ehtimalı barədə tibb elmləri doktoru, professor Adil Qeybulla "Referans Media"ya geniş açıqlama verib.
Xəstəliyin əlamətləri və yoluxma yolları
Professor Adil Qeybulla bildirib ki, lepra xroniki infeksion xəstəlikdir və əsasən dərini, periferik sinirləri, selikli qişanı, eləcə də gözləri zədələyir:
"Xəstəliyin törədicisi 'Mycobacterium leprae' mikrobakteriyalarıdır. Havanın damcı yolu ilə keçir, lakin bunun üçün sıx və uzunmüddətli təmas lazımdır. Adətən immuniteti zəif olan, yanaşı xəstəliklərdən əziyyət çəkən şəxslər yoluxmaya daha çox meyillidir. Xəstəliyin inkubasiya dövrü kifayət qədər uzundur. İlk əlamətlər kimi dəridə sarımtıl, qırmızımtıl və ya parlaq ləkələr əmələ gəlir və həmin hissədə hissiyyat itir — yəni ağrıya, temperatura, iynə batırılmasına reaksiya olmur. Əzələlərdə zəiflik, xüsusən əl və ayaq barmaqlarında keyimə müşahidə edilir, dəridə qabarlar, düyünlər yaranır, dəri qalınlaşır və üz deformasiyaya uğrayır."
"Artıq antibiotik erasındadır" — Müalicəsi mümkündürmü?
Mütəxəssis vurğulayıb ki, orta əsrlərdə dəhşət saçan cüzam müasir təbabətdə tam müalicə olunabilən xəstəliklər sırasındadır:
"Müasir dövrdə antibiotik erasından sonra cüzam tam müalicə olunur. Sovet dövründə bu xəstələri leprazoriyalarda saxlayırdılar. İndi Bakının Umbakı ərazisində də müvafiq stasionar var. Cüzam əsasən antibakterial müalicə ilə aradan qaldırılır. Müalicə başlayan kimi xəstə yoluxuculuq kabiliyyətini (kontagiozluğunu) itirir və ətraf üçün təhlükəsiz olur."
Əsas təhlükə nədir: Bakteriya mutasiya edə bilərmi?
ABŞ-dakı son artımın kökündə nəyin dayanması məsələsinə toxunan Adil Qeybulla əsas risk faktorunun mikroorqanizmlərin dəyişməsi ilə bağlı olduğunu qeyd edib:
"Bu xəstəliyin geniş yayılması və qlobal problem yaratması real görünmür. Lakin bir məsələ çox ciddidir: mikroorqanizmlər ətraf mühitə uyğunlaşdıqca müəyyən dəyişikliklərə uğrayırlar. Viruslarda tez-tez mutasiyalar getdiyi kimi, bakteriyalarda da yeni xassələrin yaranması mümkündür. Təhlükəli olan budur — əgər bu mikrobakteriya yeni xassə əldə edibsə, daha tez yoluxucu ola bilər. Hazırda tədqiqatlar gedir, üzə çıxan yeni ştamın xüsusiyyətləri açıqlandıqdan sonra mənzərə daha aydın olacaq."
Azərbaycanda təhlükə var?
Professor ölkəmiz üçün ciddi epidemioloji riskin gözlənilmədiyini, lakin arxayınlaşmamağın vacibliyini xatırladıb:
"Mən düşünmürəm ki, xəstəlik gəlib Azərbaycanda yayıla bilər. Lakin hər bir halda biz diqqətli və tədbirli olmalıyıq."
Mütəxəssis rəyindən də göründüyü kimi, cüzam müasir tibbin nəzarəti altında olan, antibakterial preparatlarla tam müalicə edilən bir infeksiyadır. ABŞ-da müşahidə olunan lokal artım diqqətlə öyrənilməli olsa da, Azərbaycanda panika üçün heç bir əsas yoxdur.
Sima Babayeva
