Donald Tramp ilə Si Cinpinin bu həftə Pekində keçirəcəyi görüş dünya gündəminin əsas mövzularından birinə çevrilib.
Referans Media xəbər verir ki, liderlərin zirvəsində qlobal siyasətə təsir göstərə biləcək bir sıra kritik məsələlər müzakirə olunacaq.
Masada 5 əsas mövzu olacaq
Görüş zamanı aşağıdakı əsas başlıqların müzakirəsi gözlənilir:
İranla bağlı gərginlik
Tayvan məsələsi
Süni intellekt texnologiyaları
Nüvə silahları ilə bağlı narahatlıqlar
ABŞ–Çin ticarət müharibəsi
ABŞ rəsmilərinin açıqlamasına görə, tərəflər qarşılıqlı ticarət və investisiyanı artıracaq yeni mexanizmləri də müzakirə edəcək.
"Boeing" təyyarələri, ABŞ kənd təsərrüfatı məhsulları və enerji sahəsində yeni Çin alışlarının elan ediləcəyi gözlənilir.
Müzakirələrdə strateji əhəmiyyət daşıyan nadir torpaq elementləri ilə bağlı əldə olunmuş “atəşkəs” razılaşmasının uzadılması da əsas mövzulardan biri olacaq.
Vaşinqtonun Pekindən İran üzərindəki təsirindən istifadə etməsini və Tehranı razılaşmaya təşviq etməsini istədiyi bildirilir.
ABŞ administrasiyasının həmçinin Rusiya ilə münasibətlər məsələsində də Çinə təzyiq göstərəcəyi qeyd olunur.
Məlumata görə, Si Cinpin ABŞ-nin Tayvana verdiyi hərbi dəstəklə bağlı narazılığını bir daha gündəmə gətirəcək.
Tərəflərin süni intellekt sistemləri ilə bağlı ayrıca kommunikasiya kanalı yaratmağı dəyərləndirdiyi bildirilir.
ABŞ nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı dialoq aparmaq istəsə də, Pekinin bu mərhələdə silah nəzarəti danışıqlarına isti yanaşmadığı vurğulanır.
