Yaponiyada son illərin ən güclü isti dalğalarından biri ölkəni cənginə alıb. Havanın temperaturunun 40 dərəcəyə çatmasından sonra Yaponiya Meteorologiya Agentliyi (JMA) tarixdə ilk dəfə “kokushobi” – yəni “amansız isti gün” xəbərdarlığı yayımlayıb.
Referans Media xəbər verir ki, aprel ayında tətbiq olunan bu xüsusi xəbərdarlıq sistemi 40 dərəcə və daha yüksək temperatur qeydə alınan günlərdə əhalini həddindən artıq istilərlə bağlı məlumatlandırmaq məqsədi daşıyır.
Kyodo agentliyinin məlumatına görə, Yaponiyanın mərkəzi bölgələrində yerləşən Tajimi, Quco və Toyoda şəhərlərində temperatur 40 dərəcəyə yüksəlib.
Bu göstəricilərdən sonra “kokushobi” xəbərdarlığı sistemin istifadəyə verilməsindən bəri ilk dəfə aktivləşdirilib.
Meteorologiya mütəxəssisləri isti hava dalğasının ölkənin bir çox bölgəsində davam edəcəyini bildirib. Vətəndaşlara günvurma və digər sağlamlıq problemlərindən qorunmaq üçün zəruri tədbirlər görmək tövsiyə olunub.
Yaponiyada davam edən ekstremal istilər artıq insan tələfatına da yol açıb. Məlumata görə, ölkə üzrə yüksək temperatur səbəbindən 3 nəfər həyatını itirib.
Mütəxəssislər xəbərdarlıq edir ki, iqlim dəyişikliklərinin təsiri ilə belə ekstremal hava hadisələri qarşıdakı illərdə daha tez-tez müşahidə oluna bilər.
