Şimali Koreyada gizli şəkildə xristianlıq inancına etiqad edən insanların üzləşdiyi dəhşətli təzyiqlərlə bağlı yeni hesabat yayılıb. Ölkədən qaçan 570 nəfərin ifadələri əsasında hazırlanan hesabatda insanların ibadət zamanı belə izlənildiyi, dini inanclarına görə döyüldüyü, həbs edildiyi və ağır işgəncələrə məruz qaldığı bildirilir.
Referans Media xəbər verir ki, Böyük Britaniyada fəaliyyət göstərən “Korea Future” insan hüquqları təşkilatının beş il ərzində apardığı araşdırma Şimali Koreyada dini azadlıqların vəziyyətini gündəmə gətirib.
Hesabata görə, ölkədə xristianlar inanclarını gizlətmək üçün qeyri-adi üsullara əl atırlar. Onlar dini mahnıları səssiz şəkildə oxuyur, dua edərkən gözlərini belə yummağa ehtiyat edirlər. Çünki hətta bir otaqda üç nəfərin olması izlənilmək ehtimalı kimi qiymətləndirilir.
44 yaşlı Kim Bo-bin də illərlə bu qorxu ilə yaşadığını bildirib. Hazırda Seul yaxınlığında yaşayan qadın Şimali Koreyada olduğu müddətdə dini inanclarını gizlətmək məcburiyyətində qaldığını deyib.
Onun sözlərinə görə, dini mahnıları yalnız dodaqlarını tərpədərək oxuyur, əl çalmaq əvəzinə iki barmağından istifadə edirdi. Kim Bo-bin bildirib ki, yalnız uzananda gözlərini rahatlıqla bağlaya bilirdi.
23 gün döyüldü, 3 il ağır işə məhkum edildi
Kim Bo-bin 2003-cü ildə iş vədi ilə Çinə gedib. Lakin orada çinli bir kişi ilə məcburi evləndirildiyini bildirib. 2007-ci ildə Çində saxlanılaraq Şimali Koreyaya qaytarıldıqdan sonra gizli polis tərəfindən sorğu-sual edilib.
Qadının sözlərinə görə, sorğu zamanı ondan xaç işarəsi taxıb-taxmadığı soruşulub. O isə bu simvolu yalnız xəstəxana binalarında gördüyünü deyərək ittihamları inkar edib.
Buna baxmayaraq, 23 gün ərzində döyüldüyünü, daha sonra üç il ağır əmək cəzasına məhkum edildiyini söyləyib.
Hesabatda başqa bir məhbusun da həbsxanada dini inanclarını gizlətmək məcburiyyətində qaldığı bildirilir. Onun sözlərinə görə, gözlərini bağlayan məhbuslardan dərhal dua edib-etmədikləri soruşulurdu. Xristian məhbuslar isə əl-ələ tutaraq əzbərlədikləri dini mətnləri pıçıltı ilə bir-birlərinə çatdırırdılar.
Dini kitaba görə ölüm cəzası
Hesabatda qeyd olunur ki, Şimali Koreyada 2020-ci ildə qəbul edilən qanunvericilik dəyişikliklərinə əsasən, İncil saxlamaq və dini mərasim keçirmək həbs cəzası ilə nəticələnə bilər. Dini kitab və videoların yayılmasına görə isə ölüm cəzasının tətbiq oluna biləcəyi bildirilir.
Araşdırmada həmçinin qonşuların bir-birini izləməyə təşviq edildiyi, ailələrin dini inancları ilə bağlı məlumatların nəsillər boyu qeydə alındığı iddia olunur.
BMT-nin istinad etdiyi təxminlərə əsasən, Şimali Koreyada 200-400 min arasında insan dini inanclarını gizli şəkildə yaşayır.
Kim Bo-bin isə 2012-ci ildə qızı ilə birlikdə Cənubi Koreyaya qaçmağa nail olub. O, hazırda sərbəst şəkildə dua etdiyini və bazar günləri kilsədə dini mahnıları yüksək səslə oxuduğunu bildirib.
