Əkin sahəsinə, həyətinə və bağına dolu düşənlərin nəzərinə! – Dərhal bunu edin

Son zamanlar ölkənin müxtəlif bölgələrində müşahidə olunan dolu kənd təsərrüfatına ciddi ziyan vurur. Xüsusilə əkin sahələrinin, bağların və digər təsərrüfatların təbii fəlakətlərdən zərər çəkməsi fermerlərin və fərdi təsərrüfat sahiblərinin qarşısında yeni çağırışlar yaradır. Bu hadisə xüsusilə sığorta məsələsini gündəmə gətirib.

Fermerlər və fərdi təsərrüfat sahibləri əkin-biçin sahələrini, təsərrüfatlarını sığortalayırmı?

Referans Media  xəbər verir ki ,Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, Azərbaycanda dövlət dəstəyi ilə fəaliyyət göstərən aqrar sığorta sistemi mövcuddur:

“Aqrar Sığorta Fondu vasitəsilə təsərrüfat sahələrinin dolu, fırtına, qasırğa, sel, leysan, şaxta və digər təbii risklərdən sığortalanması həyata keçirilir. Fermerləri sığortaya təşviq etmək üçün sığorta haqqının 50 faizini dövlət ödəyir. Ancaq buna baxmayaraq, fərdi təsərrüfat sahibləri və xırda fermerlər arasında sığorta etdirməyə meyillilik arzuolunan səviyyədə deyil. Daha çox böyük aqroparklar və iri fermerlər bu imkandan yararlanır”.

İqtisadçı bildirib ki, həm sığortahaqqı, həm də kompensasiyalar bitkinin növünə, yerləşdiyi rayona, risk zonasına, həmçinin, məhsulun ümumi dəyərinə görə dəyişir:

“Məsələn, taxıl sahələrində risk bir qədər az olduğu üçün, bu sahədə sığorta haqqı çox aşağıdır. Buğda sahəsini doludan və ya digər risklərdən sığortalamaq üçün fermerin ödəyəcəği məbləğ hektar başına cəmi 6-7 manat təşkil edir. Meyvə bağları isə əksinə, dolu hadisəsinə ən həssas sahələr olduğu üçün, burada sığorta haqqı bir qədər yüksək olur. Məsələn, 2 hektarlıq üzüm bağı üçün ümumi sığorta haqqı təqribən 260 manat təşkil edir. Dövlət dəstəyi hesabına fermer bunun yarısını ödəyir. Onun müqabilində isə fermerə 4200 manatlıq kompensasiya təminatı verilir. Ancaq kompensasiya qısa müddətə o zaman verilir ki, məhsul tam məhv olmuş olsun”.

V.Əhmədovanın sözlərinə görə, əgər dolu məhsulun yalnız müəyyən bir hissəsini zədələyibsə, yekun sığorta ödənişi yığım-biçim dövründə həyata keçirilir:

“Bu da bir çox fermeri qane etmir. Çünki kənd təsərrüfatı elə bir sahədir ki, fermerə pul məhz zərər dəyən an, yəni növbəti aqrotexniki qulluq üçün lazım olur. Aqrotexniki qulluqla heç olmazsa məhsulun müəyyən hissəsini xilas etmək olur. Lakin pulu aylarla gözləyib biçin vaxtı almaq fermerin cari maliyyə vəziyyətinə ciddi zərbə vurur. Zərər dəyən an minimum zərər faizinin (məsələn, 30%) dərhal təsdiqlənib, sığorta məbləğinin bir hissəsinin fermerə təcili ödənməsi daha məqsədə uyğun olardı. Bundan başqa, sığorta şirkəti pul əvəzində fermerə gübrə, dərman və ya aqronom dəstəyi təklif edə bilər ki, məhsul itkisi minimuma ensin. Hazırkı sistem fermerlər üçün maliyyə baxımından çevik deyil”.


Doluya qarşı xüsusi artilleriya və raket sistemlərinin tətbiqinə gəlincə, Vüsalə Əhmədova deyib ki, müasir meteorologiyada bu üsulların effektivliyi barədə yekdil fikir yoxdur:

“Həmçinin, bütün dünyada ekoloji tələblər çox sərtləşdirilib. Məsələn, buludların dağıdılmasında istifadə olunan əsas maddə gümüş-yodiddir (silver iodide). Ekoloji təşkilatlar bu maddənin vaxtaşırı torpağa və yeraltı sulara qarışmasının uzunmüddətli perspektivdə ekologiyaya ziyan vura biləcəyini irəli sürürlər. Bu səbəbdən, dünyanın əksər ölkələrində bu kimi üsullardan istifadə edilmir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki