Ərdoğanın sirli mesajından sonra gözlənilən xəbər: S-400-lər üçüncü ölkəyə gedir

Türkiyənin Rusiyadan aldığı və uzun müddətdir ABŞ-la gərginliyə səbəb olan S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı diqqətçəkən iddia ortaya atılıb. İddiaya görə, Türkiyə bu sistemləri Körfəz ölkələrindən birinə satıb və sözügedən qərarın yaxın zamanda rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Referans Media xəbər verir ki, məsələ ilə bağlı iddialar Prezident Rəcəb Tayyib Ərdoğanın S-400-lərin taleyi ilə bağlı verdiyi "Bizi izləməyə davam edin" açıqlamasından sonra daha da maraq doğurub.

Türkiyənin "Hürriyet" qəzetinin yazarı Abdulkadir Selvi mövzu ilə bağlı yazısında S-400-lərin artıq üçüncü ölkəyə satıldığını iddia edib.

Selvi qeyd edib: "S-400-lər nə olacaq sualından çox, bəlkə də S-400-lər nə oldu sualını vermək lazımdır. Əldə etdiyim məlumata görə, S-400-lər üçüncü ölkəyə satılıb. Satış bu gün açıqlanacaq. S-400-lər Körfəzdəki bir ölkəyə gedir."

O, satışla bağlı son detallar üzərində iş aparıldığını bildirib.

S-400 sistemlərinin Türkiyənin əlindən çıxarılması ABŞ-ın tətbiq etdiyi CAATSA sanksiyalarının aradan qaldırılması baxımından mühüm addım kimi qiymətləndirilir.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın Konqresə göndərəcəyi məktubda üç əsas məqamın təsdiqlənməsi tələb olunur:

S-400 sistemlərinin artıq aktiv vəziyyətdə olmaması;
Türkiyənin bu sistemlərə sahib olmaması;
Rusiya ilə oxşar müdafiə əməkdaşlığının inkişaf etdirilməyəcəyi barədə təminat verilməsi.

Yeni ünvan BƏƏ, yoxsa Qətər?

S-400-lərin hansı Körfəz ölkəsinə satıldığı hələ rəsmən açıqlanmayıb. Lakin iddialarda iki ölkənin adı ön plana çıxır: Birləşmiş Ərəb Əmirlikləri və Qətər.

Qətərin daha əvvəl hava hücumundan müdafiə imkanlarını artırmaq üçün alternativ sistemlər axtardığı bildirilirdi. BƏƏ-nin isə regional gərginliklər fonunda müdafiə imkanlarını gücləndirmək istədiyi qeyd olunur.

Ekspertlər hesab edir ki, belə bir satış həm Türkiyənin ABŞ-la münasibətlərində yeni mərhələ yarada, həm də Ankara üçün iqtisadi gəlir mənbəyi ola bilər.

Qeyd edək ki, S-400 sistemlərinin satışı ilə bağlı məlumatlar hələ rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki