Etibarnamə verən şəxs vəfat edərsə, sənəd qüvvədə qalır? – Hüquqi İZAH

Etibarnamə insanların gündəlik həyatda tez-tez istifadə etdiyi və bir şəxsin digərinə onun adından müəyyən işləri görmək səlahiyyəti verdiyi hüquqi sənəddir. Lakin etibarnaməni verən şəxsin vəfat etməsi bu sənədin hüquqi qüvvəsi ilə bağlı mühüm sual yaradır. Məsələ xüsusilə daşınmaz əmlak, avtomobil, bank əməliyyatları və digər əmlak münasibətləri zamanı praktiki əhəmiyyət daşıyır. Etibarnamənin üzərində müəyyən müddətin göstərilməsi onun həmin müddət ərzində istənilən halda qüvvədə qalması anlamına gəlmir.

Bəs etibarnamə verən şəxsin vəfatı bu hüquqi sənədin taleyinə necə təsir edir? Şəxs vəfat etdikdən sonra onun verdiyi etibarnamədən istifadə etmək mümkündürmü və etibarnamənin qüvvədə olma müddəti davam edirmi?

Məsələ ilə bağlı hüquqşünasların rəyini öyrəndik.

Referans Media xəbər verir ki, hüquqşünas Aysel Süleymanova Bizim.Media-ya bildirib ki, şəxsin ölümü ilə onun verdiyi etibarnamə avtomatik olaraq qüvvədən düşür:

“Etibarnamənin hansı müddətə verilməsindən asılı olmayaraq, şəxs vəfat etdikdə həmin etibarnamə qüvvəsini itirir. Şəxsin vəfat etdiyi tarixdən etibarən həmin etibarnamə əsasında hər hansı əməliyyatın aparılması qanunsuzdur.


Verilən etibarnamənin hansı səlahiyyətləri əhatə etməsindən asılı olmayaraq, etibarnamə verən şəxs vəfat etdikdən sonra həmin sənəd əsasında hər hansı hərəkətin aparılması qanunsuz hesab edilir. Fərqi yoxdur, etibarnamə el arasında deyildiyi kimi “generalnı” olsun və ya hər hansı əmlaka dair verilsin. Etibarnaməni verən şəxs vəfat edirsə, ilk növbədə etibarnamə qüvvədən düşür.

İkincisi, həmin şəxsin vərəsələri vərəsəlik hüquqlarını rəsmiləşdirdikdən sonra əmlakla bağlı hüquqları əldə edirlər. Yəni etibarnamə verilmiş şəxs ilə etibarnaməni verən şəxs arasında qohumluq bağı yoxdursa, etibarnaməni verən şəxsin vəfatından sonra həmin şəxs etibarnamə əsasında olan hüquqlarını itirmiş olur”.

Vəkil Ruslan Mustafayev saytımıza açıqlamasında qeyd edib ki, etibarnamənin fəlsəfəsi və məqsədi ondan ibarətdir ki, şəxs özünə məxsus olan hüquqların bir hissəsini və ya hamısını həyata keçirməyi başqa bir şəxsə həvalə edir;


“Məsələn, şəxsin nəqliyyat vasitəsi varsa, onun idarə edilməsi, satılması və ya bağışlanması ilə bağlı hüquqlarını müəyyən müddət ərzində başqa bir şəxsə ötürə bilər. Şəxs vəfat etdikdə həmin hüquqları artıq özü həyata keçirmək iqtidarında deyil. Belə olan halda onun adından həmin hərəkətlərin həyata keçirilməsi də mümkün olmur. Etibarnamə verildiyi müddət ərzində qüvvədə olsa da, həmin müddət başa çatmayıbsa belə, onu verən şəxs vəfat etdikdə artıq etibarnamə ilə verilmiş səlahiyyətləri həyata keçirmək mümkün olmur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki