Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Azyaşlıların avtomobil idarə etməsi son vaxtlar sosial şəbəkələrdə də tez-tez müzakirə olunan məsələlərdəndir. Xüsusilə sürücülük vəsiqəsi olmayan uşaqların valideynlərinə məxsus avtomobilləri idarə etməsi həm onların, həm də digər yol hərəkəti iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.

Bəs belə hallarda qanunvericilik hansı məsuliyyəti nəzərdə tutur? Avtomobili idarə edən azyaşlı və nəqliyyat vasitəsinin sahibi ayrıca cərimələnə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, sürücülük hüququ olmayan şəxsin avtomobil idarə etməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur.

“Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin avtomobil idarə etməsinə görə 200 manat məbləğində cərimə tətbiq edilir. Eyni zamanda, avtomobil sahibi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə veribsə, onun üçün də ayrıca məsuliyyət yaranır və fiziki şəxs 60 manat məbləğində cərimə oluna bilər. Bununla yanaşı, azyaşlının inzibati məsuliyyətə cəlb edilib-edilməməsində onun yaşı da əhəmiyyət daşıyır. İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta törədərkən 16 yaşı tamam olmuş şəxslər inzibati məsuliyyətə cəlb oluna bilərlər”, – deyə hüquqşünas qeyd edib.

Beləliklə, valideynin avtomobili sürücülük hüququ olmayan azyaşlıya verməsi sadəcə “ailə daxilində məsələ” kimi qiymətləndirilmir. Belə hal həm inzibati məsuliyyət yarada, həm də avtomobilin idarə edilməsi zamanı qəza baş verdikdə daha ciddi hüquqi nəticələrə səbəb ola bilər.
Xüsusilə sürücülük təcrübəsi olmayan uşaqların avtomobil idarə etməsi yol-nəqliyyat hadisəsi riskini artırır. Bu baxımdan hüquqşünaslar valideynləri və avtomobil sahiblərini sürücülük hüququ olmayan şəxslərə nəqliyyat vasitəsini etibar etməməyə çağırırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki