Müjdəli xəbər rəsmən TƏSDİQLƏNDİ: Təyyarə biletləri ucuzlaşır, otel tikənlərə pul verilir!

Azərbaycan Respublikasında qeyri-neft iqtisadiyyatının aparıcı qüvvələrindən birinə çevrilən turizm sektorunun davamlı inkişafını təmin etmək, milli brendləri beynəlxalq bazarlarda möhkəmləndirmək və ölkəyə xarici valyuta axınını artırmaq məqsədilə cənab Prezident tərəfindən "2026–2030-cu illər üzrə Turizmin İnkişafına dair Dövlət Proqramı" təsdiq edilib. Strateji xarakter daşıyan sənəd yaxın 5 il ərzində sahənin institusional, nəqliyyat və infrastruktur baxımından köklü şəkildə yenilənməsini, eləcə də özəl sektor üçün yeni dəstək mexanizmlərinin tətbiqini hədəfləyir.

​Məsələnin əhəmiyyətini və gözlənilən yenilikləri "Referans Media"ya şərh edən turizm eksperti Ceyhun Aşurov bildirib ki, yeni təsdiqlənən Dövlət Proqramı ölkənin turizm potensialının tam reallaşdırılması üçün hərtərəfli və sistemli fəaliyyət planını özündə birləşdirir.

İnvestisiya mühitinin yaxşılaşdırılması və sahibkarlığa dəstək

​Ekspertin sözlərinə görə, Proqramda ilk növbədə özəl sektorun fəallığının artırılmasına və işgüzar mühitin daha da əlverişli edilməsinə xüsusi diqqət ayrılıb:

​"Sənəddə xüsusilə investisiyaların təşviqi, sahalərarası koordinasiyanın gücləndirilməsi və əlverişli sahibkarlıq mühitinin formalaşdırılması ön plana çəkilib. Turizm sektoru birbaşa xidmət sahəsi olduğu üçün burada investorların marağının saxlanılması və yeni biznes imkanlarının yaradılması həlledici rol oynayır."

​Uçuş geografiyasının genişlənməsi və region aeroportlarının canlanması

​Ceyhun Aşurov xüsusilə vurğulayıb ki, Proqramın ən kritik və innovativ bəndlərindən biri nəqliyyat əlçatanlığının təmin edilməsi və aviasiya sahəsinə subsidiyaların tətbiqidir:

"Ən əsas məsələlərdən biri müntəzəm və qeyri-müntəzəm (çarter) uçuşlarının sayının kəskin artırılmasıdır. Bu mexanizmin tam gücü ilə işləməsi üçün dövlət tərəfindən aviasiya daşımalarına subsidiyaların tətbiq olunması nəzərdən keçirilir.

​Əgər bu subsidiyalar reallaşarsa, bu, birbaşa regional hava limanlarımızın (Qəbələ, Füzuli, Zəngilan, Gəncə və s.) daha səmərəli və tam gücü ilə fəaliyyət göstərməsinə gətirib çıxaracaq. Nəticədə xarici turistlər paytaxta daxil olmadan birbaşa regionlara səyahət edə biləcəklər ki, bu da regional turizm bazarını ciddi şəkildə canlandıracaq."

​Tur-operatorlar, otellər və MICE turizmi üçün yeni teşviq mexanizmləri

​Dövlət Proqramında həmçinin turizm zəncirinin bütün iştirakçılarını stimullaşdıran konkret maliyyə mexanizmlərinin yer aldığını bildirən ekspert qeyd edib:

"Bununla yanaşı, ölkəyə birbaşa əcnəbi turist gətirən yerli tur-operatorlara gətirdikləri turist sayına mütənasib olaraq subsidiyaların verilməsi planlaşdırılır. Eyni zamanda, yerləşdirmə infrastrukturu üzrə – yəni yeni otel və mehmanxana tipli obyektlərin tikintisinə sərmayə qoyan investorlara müxtəlif güzəşt və subsidiyalar nəzərdə tutulur.

​Digər mühüm addım isə beynəlxalq tədbirlərin, konfransların və festivalların (MICE turizmi) təşkilində çəkilən xərclərin bir hissəsinin dövlət tərəfindən kompensasiya edilməsidir. Bu mexanizm Azərbaycanı regionun əsas biznes və tədbir mərkəzlərindən birinə çevirməyə hesablanıb."

2030-cu il hədəfi: 4 milyon turist

​Görüləcək işlərin mərhələli şəkildə icra olunacağını bildirən Ceyhun Aşurov, yaxın illərdə gözlənilən nəticələri belə yekunlaşdırıb:

​"Bütün bu kompleks tədbirlər ardıcıl və dürüst şəkildə həyata keçirilərsə, biz bu müsbət dəyişikliklərin ilk real bəhrələrini tədricən gələn ildən etibarən hiss etməyə başlayacağıq. Tətbiq edilən stimullaşdırıcı mexanizmlər Proqramda qarşıya qoyulan əsas hədəfə – 2030-cu ilə qədər Azərbaycana gələn xarici turistlərin illik sayını təxminən 4 milyon nəfərə çatdırmaq məqsədinə güclü təkan verəcəkdir."


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki