Pasiyentlərin NƏZƏRİNƏ: Şəxsi məlumatınız sızarsa, bu addımları atın!

Psixoloq-pasiyent münasibətlərində məxfiliyin qorunması mühüm hüquqi məsələlərdən biridir. Bəs psixoloqun pasiyentin şəxsi və məxfi məlumatlarını onun razılığı olmadan üçüncü şəxslərə açıqlaması hansı hallarda hüquq pozuntusu hesab olunur? Belə vəziyyətdə pasiyentin hansı hüquqları var və psixoloq barəsində hüquqi məsuliyyət tədbiri görülə bilərmi?

Referans Media-ya açıqlama verən hüquqşünas Rəhim Xosyki bildirib ki, psixoloqla pasiyent arasındakı münasibətlərdə məxfiliyin əsas hüquqi bazası “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunudur.


Qanunun 10.1-ci maddəsinə görə, şəxsin psixoloji vəziyyəti, psixoloqa müraciət etməsi faktı, keçdiyi testlərin nəticələri və ona göstərilən yardım haqqında məlumatlar konfidensial sayılır. 10.2-ci maddə isə bu məlumatların şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olmadan açıqlanmasını qadağan edir.


Hansı hallarda pozuntu sayılır?
Hüquqşünasın sözlərinə görə, açıqlama o zaman hüquq pozuntusu hesab olunur ki, həm pasiyentin razılığı olmasın, həm də qanunun 10.3-cü maddəsində sadalanan istisna əsaslarından heç biri mövcud olmasın.


O qeyd edib ki, həmin istisnalar dardır və konkretdir. Bunlara cinayət işi ilə bağlı istintaq orqanının, prokurorun və ya məhkəmənin sorğusu, yetkinlik yaşına çatmayan şəxsin mənafeyi üçün məhkəmə sorğusu, pasiyentin özünün və ya başqa şəxslərin həyat və sağlamlığına birbaşa təhlükə, ağır cinayətin hazırlandığı barədə məlumat və bir neçə buna bənzər hallar daxildir.


“Yəni bu qanuni əsaslardan kənarda, məsələn, psixoloqun pasiyent barədə tanışlarına danışması, sosial şəbəkədə paylaşması, ailə üzvünə ötürməsi və ya reklam, maraq xatirinə hallarını açıqlaması məxfilik öhdəliyinin pozulmasıdır”, - deyə hüquqşünas bildirib.


Rəhim Xosyki qeyd edib ki, Konstitusiyanın 32-ci maddəsi hər kəsin şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu, habelə fərdi məlumatların razılıq olmadan yayılmasına yol verilməməsini təsbit edir.


Onun sözlərinə görə, pasiyent həm psixoloqun işlədiyi qurumun rəhbərliyinə şikayət verə, həm prokurorluğa cinayət təqibi üçün müraciət edə, həm də məhkəməyə maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə mülki iddia qaldıra bilər.


Qanunun 10.5 və 21-ci maddələri konfidensial məlumatı yayan psixoloqun İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi üzrə məsuliyyət daşıdığını birbaşa göstərir.


Hüquqşünas bildirib ki, praktikada bir neçə istiqamət mövcuddur. Cinayət Məcəlləsinin 156-cı maddəsinə (şəxsi həyatın toxunulmazlığını pozma) görə, şəxsi və ailə həyatının sirri olan məlumatların yayılması, satılması və ya başqasına verilməsi cərimə, ictimai işlər və ya islah işləri ilə cəzalandırılır.


Əgər əməl vəzifə mövqeyindən istifadə etməklə törədilərsə, cəza azadlıqdan məhrum etməyə qədər ağırlaşır. Bu cinayət, bir qayda olaraq, zərərçəkmişin şikayəti əsasında araşdırılır.


“Pasiyent dəymiş maddi zərərin və mənəvi ziyanın əvəzinin ödənilməsini də məhkəmə qaydasında tələb edə bilər”, - deyə Rəhim Xosyk əlavə edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki