Dünya birjalarında strateji xammal növləri olan neft və qızılın qiymətində sürətli artım müşahidə olunur. Qlobal bazarlardakı bu bahalaşmanın Azərbaycan iqtisadiyyatına, xüsusilə də ölkəyə əlavə valyuta daxilolmalarına müsbət təsir göstərəcəyi istisna edilmir. Xüsusilə nəzərə alsaq ki, neft satışından əldə olunan əlavə gəlirlər dövlət büdcəsinin maliyyə imkanlarını daha da genişləndirir.
Bəs dünya bazarlarındakı bu bahalaşma ölkədəki iqtisadi fəallığa və birbaşa vətəndaşların sosial rifahına – maaş, pensiya və təqaüdlərin artırılmasına necə təsir edəcək?
Məsələ ilə bağlı "Referans Media"ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qlobal bazarlarda qiymət artımının olması dərhal ilin ortasında və ya son aylarında sosial ödənişlərin qaldırılması anlamına gəlmir:
"Ölkədə maaş və pensiyaların artırılması Nazirlər Kabinetinin və Parlamentin səlahiyyətindədir. Əlbəttə, cənab Prezidentin də müvafiq fərmanı ola bilər, amma əsasən dövlət büdcəsi qəbul olunarkən Parlament tərəfindən bununla bağlı müvafiq qərar verilir.
Dekabr ayında yenidən büdcə müzakirələri olacaq. Pensiya və təqaüdlər, az da olsa, yəqin ki, artacaq. Amma bu artımlar ilin sonuna yaxın deyil, yanvar ayından sonra təsadüf edəcək. İlin sonuna cəmi 3-4 ay qalmış hansısa təqaüdlərin və yaxud da maaşların artımı gözlənilmir. Azərbaycan praktikasında heç vaxt belə bir şey olmayıb. Ona görə də yanvar ayını gözləmək lazımdır.
Dekabrda keçiriləcək büdcə müzakirələri zamanı həm hökumət, həm də parlament tərəfindən konkret təkliflər səsləndiriləcək. Məhz həmin vaxt sosial ödənişlərin nə qədər artacağını və hansı formada indeksləşəcəyini dəqiq görəcəyik."
İqtisadçının təhlillərindən də görünür ki, neft və qızıl gəlirlərinin artması dövlətin maliyyə yastığını gücləndirsə də, vətəndaşların gəlirlərindəki real artımlar sistemli şəkildə – növbəti ilin dövlət büdcəsi çərçivəsində yanvar ayından etibarən qüvvəyə minəcək.
