Evdə şirniyyat, turşu və qatıq hazırlayıb satan şəxslərin fəaliyyəti də gələcəkdə xüsusi qaydalarla tənzimlənəcək. Belə ki, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının bazara çıxarılması üçün ayrıca mexanizm yaradılacaq. Nəticədə evdə hazırlanan məhsulların satışı qanuniləşdiriləcək və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sertifikatlaşdırılacaq.
Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov deyib ki, dövlət tərəfindən bu istiqamətdə addımların atılması təqdirəlayiqdir:
“Burada əsas diqqət ev təsərrüfatlarına və kəndliyə dəstək göstərilməsinə yönəlməlidir. Əvvəlcə onlara dəstək verməli, biliklərini artırmalı və mövcud çatışmazlıqları aradan qaldırmalıyıq. Bundan sonra məhsulların yoxlanılması, sertifikatlaşdırılması və bazara çıxarılması mümkündür.
Təsəvvür edin ki, bir xanım evdə müxtəlif məhsullar hazırlayıb satır. Lakin bəlkə də istifadə etdiyi və satdığı məhsulların qida təhlükəsizliyi baxımından müəyyən risklər daşıdığından xəbərsizdir. Burada ilk növbədə qida təhlükəsizliyi ilə bağlı biliklərin artırılmasına ehtiyac var.
İkinci məsələ məhsulun markalaşdırılmasıdır. Ola bilər ki, həmin insan keyfiyyətli məhsul istehsal edir, lakin brendləşdirə bilmir. Bunun səbəbi lazımi inventarın və ya avadanlığın olmaması, həmçinin qablaşdırma, saxlama və sertifikatlaşdırma imkanlarının məhdudluğu ola bilər. Dövlət bu sahədə həmin insanların yanında olmalıdır. Onların biliklərinin artırılmasına, lazımi avadanlıqla təmin olunmasına, məhsullarının sertifikatlaşdırılmasına və bazara çıxarılmasına dəstək göstərilməlidir”.
Ağa Salamov
A.Salamov qeyd edib ki, bəzən turşu hazırlayan insanlar botulizm bakteriyasının yaratdığı təhlükədən xəbərsiz olurlar:
“Nəticədə regionlarda qida zəhərlənmələri baş verir. Bunların bir hissəsi düzgün hazırlanmayan və saxlanmayan turşularla bağlı olur. Deməli, insanları cəzalandırmaqdan və ya yalnız qarşılarına keçib sertifikat tələb etməkdən əvvəl onları maarifləndirməliyik. Düzgün sterilizasiya, saxlama, qablaşdırma və istehsal qaydalarını öyrətməliyik.
Əgər bir kəndli müəyyən məhsuldan ildə 2 min ədəd istehsal edə bilirsə, dövlət həmin istehsalın artırılması üçün ona lazımi avadanlıq, məsələn, 2 min ədəd uyğun qablaşdırma vasitəsi ilə dəstək göstərə bilər. Sterilizasiya aparatı lazımdırsa, həmin avadanlıqla təmin olunmalıdır”.
Ekspertin sözlərinə görə, xaricdən gətirilən parmezan pendiri yüksək qiymətə satılır:
“Bəs niyə mənim kəndlimin hazırladığı məhsul dünya bazarına çıxmasın? Bunun üçün kənd təsərrüfatına dəstək göstərilməli, kəndlinin yanında olunmalı, onun çatışmazlıqları müəyyənləşdirilməli, lazımi avadanlıq və biliklərlə təmin edilməli, məhsulu brendləşdirilməli və həmin brendin dünya bazarına çıxarılmasına şərait yaradılmalıdır.
Məsələn, bir nənəmiz evdə ənənəvi məhsul hazırlayırsa, ona mikrofon uzadıb “Sertifikatın haradadır?” sualını verməzdən əvvəl düşünməliyik ki, bu insan sertifikatın nə olduğunu və hansı prosedurlardan keçməli olduğunu haradan bilsin? Əvvəlcə onun yanında dayanmaq və ona yol göstərmək lazımdır. Bu, həm də iqtisadiyyatımızın şaxələndirilməsi baxımından da vacibdir.
Bütün bunlar həyata keçirilərsə, həm istehlakçının təhlükəsizliyi təmin olunacaq, həm kəndlinin gəliri artacaq, həm də yerli məhsullarımız dünya bazarına çıxacaq”.

