TƏBİB 4 nömrəli poliklinika haqqında vətəndaş şikayəti ilə bağlı açıqlama verib.
Referans Media bildirir ki, Bizim.Media-nın sorğusuna cavab olaraq, TƏBİB-dən bildirib ki, 2009-cu il təvəllüdlü yeniyetmə (qadın cinsli) “Forma-086” tibbi arayışının alınması ilə bağlı 07.09.2026-cı il tarixdə saat 08:35-də Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 4 nömrəli Uşaq Poliklinikasına müraciət edib.
Məlumata görə, saat 09:00-da qan müayinəsi üçün ondan nümunə götürülüb, həmçinin digər analiz nümunələri laboratoriyaya təhvil verilib.
"Tibb müəssisəsində həkim-otorinolarinqoloqun olmaması, həkim-cərrahın isə məzuniyyətdə olması səbəbindən vətəndaşa müvafiq müayinələrin aparılması üçün Zığ Sağlamlıq Mərkəzinə göndəriş verilib. Qanın ümumi analizinin nəticələri sözügedən tarixdə saat 13:18-də təsdiq edilib. Digər analizlərin nəticələrinə də həmin tarixdə baxılıb, nəticələr 08.09.2026-cı il tarixində elektron sistemə daxil edilib.
Nəticələr 09.09.2026-cı il tarixində saat 10:16-da təsdiq edilib, lakin qeydiyyat sistemində əks olunmayıb. Əlavə olaraq bildiririk ki, vətəndaş 08.09.2026-cı il tarixində poliklinikaya müraciət etməyib. Pasiyentin valideyni 09.09.2026-cı il tarixində saat 12:40 radələrində tibb müəssisəsinə müraciət edərək Qeydiyyat şöbəsində analiz nəticələrinin sistemdə görünmədiyini bildirib.
Valideynin narazılığı nəzərə alınıb və analiz nəticələri vətəndaşın “MyGov” mobil tətbiqi vasitəsilə yoxlanılıb.
Əldə edilmiş nəticələr əsasında “Forma-086” tibbi arayışı həmin gün saat 13:18-də imzalanaraq vətəndaşa təqdim edilib".
Qeyd edək ki, vətəndaş sosial mediada yaydığı videoda iddia edib ki, sənədlər elektron formaya keçirilsə də, poliklinikada sistem işləmir. Şikayətçinin sözlərinə görə, poliklinika əməkdaşları “Mygov”da görünən sənədin sistemə oturmadığı deyib və sənədi ona verməkdən imtina ediblər.
