Şagirdlərə hicab qadağası: Müəllimlər qapıçılıq edir

Avstriya 14 yaşdan kiçik qız şagirdlərin dövlət və özəl məktəblərdə hicab taxmasını qadağan edib. 

Bu qanuna əməl edilməməsi 150 avrodan 800 avroya qədər cərimə ilə nəticələnəcək.

Referans Media “Cebheinfo.az”-a istinadən xəbər verir ki, qadağa 2026/27 tədris ilinin başlanğıcı olan 1 sentyabrdan qüvvəyə minib. 

Müəllimlər vəziyyətin ümumilikdə sakit olduğunu bildirirlər, lakin bəzi məktəblər münaqişə,  hətta bəzən aqressiv davranışlar barədə məlumat veriblər.  Yeni qanun qüvvəyə minməzdən əvvəl də mübahisəli olub. Tənqidçilər əsasən qadağanın din azadlığı və bərabərlik prinsipinə uyğun olub-olmadığını sorğulayırlar.

2020-ci ildə Avstriya Konstitusiya Məhkəməsi (VfGH) baş örtüyünə qoyulan əvvəlki qadağanı ləğv edib. Bu qanun ibtidai məktəblərdə baş örtüyü tələb edən dini və ya ideoloji geyimləri qadağan edir, uşaqlara on yaşına çatdıqları tədris ilinin sonuna qədər tətbiq olunurdu. Lakin məhkəmə qanunun bərabərlik və din azadlığı prinsipini pozduğu qənaətinə gəlib. 

Yeni qanun isə əsasən daha yüksək yaş həddini əhatə edir və 14 yaşına çatana qədər qız şagirdlərə şamil edilir. Qanunvericilər əsas məqsədin uşaqların inkişafını və özünüdərk azadlığını qorumaq olduğunu deyirlər. Hökumət iddia edir ki, qızlar başlarını örtmək üçün potensial ailə və ya cəmiyyət təzyiqindən qorunmalıdırlar.

Məhkəmə hələ də dəyişdirilmiş əsaslandırma və yenidən hazırlanmış qadağa ilə bağlı qərar verməyib. Müəllimlər isə məktəblərdə qadağanı tətbiq etməyə borcludurlar.

Çünki hazırda qadağanın praktik icrası məktəblərin və buna görə də müəllim heyətinin üzərinə düşür. Əgər müəllim qadağanın əhatə etdiyi yaş qrupunda hicablı şagird görərsə, əvvəlcə ondan onu çıxarmasını istəməlidir. 

Əgər şagird imtina edərsə, əlavə müzakirələr aparılmalı və zəruri hallarda təhsil orqanları cəlb olunmalıdır. Yalnız sonrakı mərhələlərdə inzibati cərimə tətbiq etmək proseduruna başlanıla bilər.

Qadağanı dəfələrlə pozanlar çoxmərhələli prosedurla üzləşəcəklər. Nəticədə, valideynlər və ya qəyyumlar 150 ilə 800 avro arasında cərimə oluna bilərlər.

Tədris ili başlamadan qanunun müzakirəsi başlayıb. Həmkarlar ittifaqının nümayəndələri  müəllimlərin pozuntuları qeyd etmək öhdəliyini tənqid ediblər. Bildiribər ki, qanunun icrasına nəzarət müəllimləri təhsildəki rollarından kənara çıxararaq qapıçıya çevirir.

Qanun qəbul edilməzdən əvvəl belə, Avstriya hökuməti həm hicab taxdıqlarına, həm də onu çıxardıqlarına görə qız-qadınların təzyiqə məruz qalması hallarına işarə edib. Xüsusilə inteqrasiya naziri Klaudiya Plakolm ailələr daxilində təhdid hallarının olduğunu deyib.

Lakin hazırda Avstriya məktəblərində bu cür halların nə qədər tez-tez baş verdiyini göstərən heç bir statistika yoxdur. Hicab qadağası səbəbindən qızların dərslərə getməməsi və ya nizamsız şəkildə getməsi barədə məlumatlar da diqqətlə araşdırma tələb edir. Tək-tək imtina və məktəbdə münaqişə halları barədə məlumatlar var. Amma bu hallar kütləvi deyil.

Yeni tənzimləmənin tərəfdarları iddia edirlər ki, bu yaşda qızlar ailələrindən asılıdırlar, buna görə də güclü sosial və ya dini təzyiqlə üzləşə bilərlər.

Təhsil mütəxəssislərinin də narahatlıqları var. Psixoloq Kristian bildirib ki, uşaqlar ailə və məktəb arasında qalacaqlar. Belə ki, valideynlər hicabı taxmaqda, məktəb isə onu çıxarmaqda israr edəcək. 

Qanun qüvvəyə minməzdən əvvəl bir neçə valideyn ona birbaşa etiraz etməyə çalışıb. Konstitusiya Məhkəməsi bu şikayəti rəsmi əsaslarla rədd edib, çünki qanun hələ şikayətçilərə birbaşa təsir etməyib.Qanunun ləğv edilməsi tələbi ilə yeni bir şikayət də verilib. 

Xatırladaq ki, Almaniyada da bu istiqamətdə müzakirələr davam edir, lakin hələlik qadağa yoxdur.Hazırda Almaniyada heç bir federal əyalətdə oxşar qaydalar qüvvədə deyil. Lakin məsələ vaxtaşırı siyasi baxımdan yenidən ortaya çıxır. 

Məsələn, Şimali Reyn-Vestfaliyada uşaqların maraqlarının qorunması zərurəti əsas gətirilərək ibtidai məktəblərdə və uşaq bağçalarında qadağa müzakirə olunub. Oxşar təşəbbüslər Şlezviq-Holşteyn və Bundestaqda da irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki