Bir çox elektronika mağazası reklamlarında məhsulları “faizsiz, komissiyasız və ilkin ödənişsiz kredit” kimi təqdim etsə də, mağazaya yaxınlaşdıqda isə işlər dəyişir. Bəzi hallarda məhsul “faizsiz kredit” adı ilə satılsa da, vətəndaşlardan 20 faizə qədər komissiya tələb olunur.
Məsələn, 3000 manatlıq məhsul üçün 600 manat komissiya tutulması real qiymətin xeyli artmasına səbəb olur. Bu cür satış mexanizminin bazarda qiymət şəffaflığına və istehlakçıların seçimlərinə necə təsir etdiyi də müzakirə mövzusudur.
Mövzu ilə bağlı Referans Media-ya danışan iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, bu tip kampaniyalar əsasən alıcıların cəlb edilməsinə yönəlmiş marketinq addımıdır.
Onun sözlərinə görə, satışın reallaşdırılması üçün müxtəlif kombinasiyalardan istifadə olunur:
“Ümumiyyətlə, kampaniyaların məqsədi alıcıların cəlb edilməsidir. Qiymətlərin ucuzlaşması və faizlərin olmaması ilə bağlı təqdim olunan məlumatlar daha çox marketinq addımıdır. Satışın reallaşdırılması üçün müxtəlif kombinasiyalardan istifadə olunur. Reallıq isə ondan ibarətdir ki, bir çox hallarda bilərəkdən məhsulların qiyməti artırılır, daha sonra isə müəyyən endirim kampaniyalarına start verilir. Həmin endirim kampaniyaları isə əslində tədarükçülərə, dilerlərə və mağazalarda fəaliyyət göstərən sahibkarlara kifayət qədər gəlir əldə etməyə imkan verir”.
Ekspert qeyd edib ki, bu cür kampaniyalar bəzi hallarda istehlakçıların aldanmasına səbəb olur.
“Faizsiz kredit adı ilə təqdim olunan kampaniyalarda sonradan bank xidmətləri və digər xidmətlər kimi əlavə ödənişlərin ortaya çıxması halları çox zaman vətəndaşların aldanması ilə nəticələnir. Çünki hər hansı bir məhsulu reklamına baxaraq əldə etmək istəyən vətəndaş artıq bu qərarı verdikdən sonra kiçik faizlərin ödənilməsi onun üçün problem yaratmır. Artıq qərar verildiyi üçün sonradan ortaya çıxan və əvvəlcədən nəzərdə tutulmayan xərclər onu qərarını dəyişməyə çox da vadar etmir”.
Vüqar Orucun sözlərinə görə, bu cür satış mexanizmləri əsasən müştəri bazasını genişləndirmək məqsədi daşıyır və bəzən həqiqətə uyğun olmayan reklam xarakterli təbliğatla müşayiət olunur.
“Bu istiqamətdə çox ciddi tənzimləmə və nəzarət tədbirləri həyata keçirilməlidir. Xüsusilə ictimai birliklərin rolunu qeyd etmək istəyirəm. Belə bir funksiya ictimai birliklərdə olsa, həm vətəndaşların bu prosesə nəzarəti təmin olunar, həm də dövlətin müvafiq qurumlarına dəstək xarakteri daşıyar”.
Ekspert vurğulayıb ki, istehlakçı hüquqları bir çox hallarda pozulur.
“Reklam xarakterli məlumatlarda qeyd olunur ki, faizsiz kreditdir, amma sonradan o qədər əlavə məbləğ ortaya çıxır ki, xüsusilə avtomobil salonlarında bunu daha çox görmək mümkündür. Bir çox hallarda vətəndaş avtomobili faizsiz kredit adı ilə alsa da, yekunda real dəyərindən təxminən 20–25 faiz daha artıq ödəniş edir. Bu isə əslində istehlakçının aldanması deməkdir”.
İqtisadçı hesab edir ki, bazarın tənzimlənməsi və istehlakçı ilə satış tərəfi arasındakı münasibətlər dövlət tərəfindən diqqətdə saxlanılmalıdır.
“Dövlət bu sahədə xüsusi qaydalarla ciddi nəzarət sistemi qurmalı və ictimai təşkilatlarla birlikdə işləməlidir. Əks halda istehlakçı hüquqlarının pozulması halları bundan sonra da geniş şəkildə davam edə bilər”.
Gülnaz Abdullazadə























