Bəzi proqnozlara görə, qlobal gərginlik fonunda neftin qiymətinin 200 dolları keçə biləcəyi ehtimalı səsləndirilir. Belə bir ssenarinin qlobal maliyyə və valyuta bazarlarına təsiri də müzakirə olunur.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli, belə bir vəziyyətin dünya iqtisadiyyatına və valyuta bazarlarına müxtəlif istiqamətlərdə təsir göstərə biləcəyini bildirib.
Onun sözlərinə görə, neft qiymətlərinin kəskin artması ilk növbədə enerji ixrac edən ölkələrin valyuta gəlirlərinin yüksəlməsinə səbəb olur. Bu isə həmin ölkələrin tədiyə balansının yaxşılaşmasına və milli valyutalarının müəyyən qədər möhkəmlənməsinə şərait yarada bilər.
Ekspert qeyd edib ki, əksinə, enerji idxalından asılı olan ölkələrdə enerji xərclərinin artması inflyasiya təzyiqlərini gücləndirə və onların milli valyutaları üçün əlavə risklər yarada bilər.
Akif Nəsirli bildirib ki, ABŞ dolları baxımından isə vəziyyət daha mürəkkəbdir. Onun sözlərinə görə, qlobal qeyri-müəyyənlik dövrlərində dollar ənənəvi olaraq “təhlükəsiz valyuta” kimi qəbul edilir və investorlar riskli aktivlərdən çıxaraq daha çox dollar aktivlərinə yönəlirlər. Bu amil bəzi hallarda dolların beynəlxalq bazarlarda möhkəmlənməsinə səbəb ola bilər.
Eyni zamanda, yüksək enerji qiymətləri qlobal inflyasiyanın artmasına gətirib çıxara bilər. Bu isə mərkəzi bankların monetar siyasətinə təsir göstərərək valyuta bazarlarında əlavə dalğalanmalar yarada bilər.
Ekspertin sözlərinə görə, ümumilikdə belə bir ssenaridə valyuta bazarlarında dəyişkənliyin artması ehtimalı yüksəlir. Enerji ixrac edən ölkələr üçün əlavə valyuta daxilolmaları müəyyən sabitləşdirici təsir yarada bilsə də, qlobal iqtisadi qeyri-müəyyənlik fonunda maliyyə bazarlarında volatillik artaraq müxtəlif valyutaların məzənnəsində fərqli istiqamətli hərəkətlərə səbəb ola bilər.
Gülnaz Abdullazadə























