İranın yeni lideri Müctəba Xamenei, ABŞ-İsrail ilə gedən münaqişədə Tehranı dəstəkləyən müttəfiqləri açıqlayıb. Müctəba Xamenei bildirib ki, Yəmən, Livan Hizbullahı və İraqdakı müqavimət qrupları İranın yanında dayanır və bu “Müqavimət Cəbhəsi” İran üçün strateji əhəmiyyət kəsb edir.
Referans Media xəbər verir ki, Müctəba Xamenei çıxışında Müqavimət Cəbhəsini İran üçün ən önəmli müttəfiqlərdən biri kimi qiymətləndirib və bu qurumun İslam İnqilabı dəyərlərinin ayrılmaz hissəsi olduğunu vurğulayıb. O, bu qrupun İran-İsrail münaqişəsində əsas rol oynadığını qeyd edib.
Xamenei bildirib: “Müqavimət Cəbhəsinin döyüşçülərinə səmimi təşəkkürümü bildirirəm. Onları ən yaxşı dostlarımız hesab edirik. Yəmən, Livan və İraqdakı qruplar göstərdiyi dəstək və birliklə bölgədəki tarazlıqlara təsir göstərir.”
28 fevral tarixində ABŞ və İsrail İran ərazisinə hərbi hücum başlatdı. Nəticədə 1348 nəfər ölüb, 17 min nəfər yaralanıb. İran isə İsrailin hədəflərinə və ABŞ-ın bölgədəki bazalarına qarşı qisas hücumları həyata keçirib. İranın cavab hücumlarında indiyədək 7 ABŞ əsgəri və 13 İsrailli ölüb.
Xamenei çıxışında, Yəmənin Qəzza xalqına dəstəyini davam etdirdiyini, Hizbullahın bütün maneələrə baxmayaraq İranın yanında dayandığını və İraqdakı müqavimət qruplarının eyni yolu izlədiyini vurğulayıb.























