Türkiyədə gecə yarısı insanlar təşvişə düşüb.
Adana və Batman şəhərlərində gecə yarısı xəbərdarlıq siqnalı verilməsi bölgədə böyük panikaya səbəb olub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, İncirlik Hərbi Hava Bazası xəbərdarlıq vəziyyətinə keçib, Batman Hava Limanı ətrafında da siqnal sədaları eşidilib.
Referans Media xəbər verir ki, xəbərdarlıq siqnalı verilməsi ilə əhali narahat olub və yaşananları anlamayan bir çox sakin sosial media vasitəsilə paylaşım edib. Gecə saatlarında Adana və Batman sakinləri siqnal səslərindən qorxaraq evlərini tərk ediblər.
Bəzi sosial media istifadəçiləri səmada hərəkət edən və sonradan məhv edilən bir obyektin görüntülərini paylaşıblar. Paylaşımlarda obyektin raket ola biləcəyi irəli sürülüb. Lakin bu iddialar rəsmi qaynaqlar tərəfindən təsdiqlənməyib.
Hadisə ilə bağlı rəsmi izahat hələ verilməyib. Bölgədəki sakinlər və sosial media istifadəçiləri siqnalın səbəbini və yayılan görüntülərin həqiqiliyini öyrənmək üçün rəsmi açıqlamaları gözləyir.























