Bu yay Avropada ard-arda baş verən 4 böyük isti hava dalğası ən azı 35 min nəfərin həyatına son qoyub. Mütəxəssislər avqust ayı üzrə məlumatların tam açıqlanmaması səbəbindən yekun rəqəmin daha yüksək ola biləcəyini bildirirlər.
Referans Media xəbər verir ki, ən çox ölüm Almaniya, Fransa və İspaniyada qeydə alınıb. Almaniyada aprelin əvvəlindən avqustun əvvəlinədək təxminən 14 min, İspaniyada isə may ayından etibarən 5 minə yaxın insanın həddindən artıq isti hava səbəbilə öldüyü açıqlanıb.
Fransada mayın sonundan iyulun sonunadək 7 mindən çox əlavə ölüm qeydə alınıb. İtaliyada ölənlərin sayının 5-8 min arasında, İngiltərədə isə təxminən 2 900 nəfər olduğu təxmin edilir.
Mütəxəssislərin sözlərinə görə, yüksək temperatur əsasən ürək-damar, tənəffüs və böyrək xəstəlikləri kimi xroniki problemləri ağırlaşdıraraq ölüm riskini artırır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, iqlim dəyişikliyi və əhalinin yaşlanması səbəbindən Avropada isti hava ilə əlaqəli ölüm halları son 20 ildə 30 faizdən çox artıb.
