Rusiya Starlinkə rəqib peyk internet şəbəkəsi qurur

Rusiya ABŞ-ın SpaceX şirkətinin Starlink sisteminə alternativ olacaq qlobal peyk internet şəbəkəsi qurur. “Rassvet” adlandırılan sistemin 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

Referans Media xəbər verir ki, Layihəni “Bureau 1440” şirkəti həyata keçirir. Şirkət artıq peyklərin sınaq və seriya buraxılışlarına başlayıb. Hazırkı plana əsasən, 2030-cu ilədək 292 peykin orbitə yerləşdirilməsi nəzərdə tutulur. Tələbat artarsa, peyklərin sayının 924-ə çatdırılması mümkündür.

Layihənin ümumi maliyyələşməsinin təxminən 432 milyard rubl, yəni 5,2 milyard dollar təşkil edəcəyi gözlənilir.

“Rassvet”in təxminən 800 kilometr yüksəklikdə fəaliyyət göstərməsi və istifadəçilərə saniyədə 1 giqabitədək internet sürəti təqdim etməsi planlaşdırılır. Sistem fərdi istifadəçilər, mobil operatorlar, nəqliyyat şirkətləri və internet infrastrukturunun zəif olduğu ərazilər üçün nəzərdə tutulub.

Peyk şəbəkəsinin xüsusilə Sibir, Rusiyanın Uzaq Şərqi və Arktika ərazilərində istifadəsi planlaşdırılır. Bundan başqa, sistemin baz stansiyalarının, qatarların və təyyarələrin internetlə təmin edilməsində də istifadə olunması gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki