Kredit götürənlərə ŞAD XƏBƏR: Artıq işsiz qalsanız borcu siz ödənməyəcəksiniz!

Azərbaycanda kredit götürən şəxslərin işsizlik riskindən sığortalanması mexanizminin tətbiqinə hazırlıq görülür. Yeni mexanizmin işsiz qalan borcalanların kredit öhdəliklərinin qarşılanmasına, bankların risklərinin azaldılmasına və kredit faizlərinə necə təsir edəcəyi müzakirə mövzusudur.

Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kredit götürən şəxslərin işsizlik riskindən sığortalanması ilk növbədə borcalanların maliyyə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edə bilər.

Onun sözlərinə görə, insan kredit götürərkən gələcəkdə işini itirməyəcəyinə zəmanət yoxdur. İşsiz qaldığı halda isə kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir. Nəticədə həm özü borc yükü ilə üzləşir, həm də banklarda problemli kreditlərin həcmi arta bilər.

Akif Nəsirli qeyd edib ki, belə sığorta mexanizmi müəyyən müddət ərzində borcalanın kredit ödənişlərinin qarşılanmasına imkan verərsə, həm vətəndaşın, həm də bankın risklərini azalda bilər.

İqtisadçı bildirib ki, burada əsas məsələ sığortanın necə təşkil olunacağıdır. Əgər sığorta haqqı kreditin üzərinə əlavə xərc kimi qoyularsa, bu, borcalanın maliyyə yükünü daha da artıra bilər. Buna görə də mexanizm elə qurulmalıdır ki, sığorta kreditin ümumi effektiv faizini yüksəltməsin.

Onun fikrincə, bunun üçün sığorta tarifləri münasib olmalı, risklər düzgün hesablanmalı, bankların və sığorta şirkətlərinin maraqları ilə yanaşı, istehlakçıların mənafeləri də qorunmalıdır.

Kredit faizlərinin aşağı salınması məsələsinə toxunan Akif Nəsirli vurğulayıb ki, bunu yalnız sığortanın tətbiqi ilə əlaqələndirmək düzgün deyil. Faiz dərəcələrinə bankların resurslarının dəyəri, inflyasiya, kredit riskləri, rəqabət və digər amillər təsir edir.

İqtisadçı əlavə edib ki, işsizlik sığortası bankların borcun qaytarılmaması riskini azalda bilər. Bu üstünlük banklar tərəfindən nəzərə alınarsa, müəyyən kredit məhsulları üzrə faizlərin aşağı salınması üçün imkan yarana bilər.

Akif Nəsirlinin sözlərinə görə, əsas şərt sığorta mexanizminin yeni gəlir mənbəyinə deyil, real risklərin bölüşdürülməsinə xidmət etməsidir.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki