Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri
Nikol Paşinyan cümə günü Vaşinqtonda sülh sazişi imzalamaq üçün görüşə
hazırlaşırlar.
Bu barədə ABŞ Dövlət Departamentində akkreditə
olunmuş jurnalist Aleks Raufoglu öz sosial şəbəkə hesabında məlumat verib.
Bildirilib ki, cümə günü ABŞ Prezidenti Donald
Tramp Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qəbul edəcək.
Yayılan məlumat rəsmi olmasa da, etibarlı hesab olunan mənbə
tərəfindən yayılması bu görüşün reallıq payını artırır.
Bəs görəsən bu görüşün baş tutması və burada sülh müqaviləsinin
bağlanması nə qədər realdır?
Milli Məclisin deputatı Arzu Nağıyev Referans-a açıqlamasında
bu məlumatın real olma ehtimalından danışıb.
“Azərbaycan Prezeidenti Cənab İlham Əliyevlə Ermənistan Baş
Naziri Nikol Paşinyanın Vaşinqtonda sülh sazişi imzalamaqla bağlı görüşə
hazırlaşması barədə kütləvi informasiya vasitələrində məlumat olsa da, bu sadəcə
ehtimal xarakterlidir. Bunun həqiqətən də baş tutub-tutmayacağı rəsmi formada təsdiq
edilməyib. Məlumdur ki, ABŞ, eyni zamanda, şəxsən Donald Tramp Ermənistan-Azərbaycan
arasında sülh sazişinin tezliklər imzalanmasına həddindən artıq maraq göstərir.
Seçki qabağı kompaniyasında da bu haqda dəfələrlə məlumat vermişdi. Məlumdur
ki, istər Ukrayna-Rusiya, istərsə də digər məsələlərlə bağlı seçki öncəsi
verdiyi bəyanatlar öz təsdiqini tapmadı lakin problemlərin həlli istiqamətində
o öz səylərini artırmaqda davam edir. Qərb üçün əsas prioritet Cənubi Qafqazda
Rusiya təsirinin azaldılmasıdır və buna görə də ABŞ regionda özünün yenidən
aktivləşdirilməsinə cəhd göstərir, burada vasitəçilik rolunu öz üzərinə götürməyə
çalışır. Buna baxmayaraq, Cənab Prezident İlham Əliyev öz çıxışlarında və bəyanatlarında
qeyd edib ki, Azərbaycan sülh sazişi hazırlamağa hazırdır lakin Ermənistan
bunun üçün mütləq şəkildə öz siyasi, real iradəsini ortaya qoymalıdır.
Paşinyanın da son vaxtlar Rusiyadan uzaqlaşaraq Qərbə yönəlməsi Fransa və ABŞ
ilə hərbi-diplomatik əməkdaşlığı genişləndirməsi bir daha göstərir ki, həqiqətən
də onlar Rusiyanın vasitəçi olmasını istəmir və bu istiqamətdə addımlar atır. Məlumdur
ki, sülh bərqərar olarsa, burada həm Qərb, həm də ABŞ özünü bir sıra
maraqlarını ortaya qoya bilər. Lakin Azərbaycan da mütləq şəkildə öz tələb və təkliflərini
irəli sürüb bunlara nail olmalıdır və bunun üçün addımlar atılır. Birinci məsələ
Ermənistan konstitusiyasına dəyişilik edilməsidir. Bu, əsas tələblərimizdən
biridir və mütləq şəkildə baş tutmalıdır. Digər məsələ ATƏT-in Minsk qrupunun təmamilə
ləğv olunması və bunun rəsmi sənədlərlə təsdiq olunmasıdır”.
Deputat qeyd edib ki, bu tələblərin təmin olunmasın Türkiyənin
və Qərbin dəstəyini görə bilərik amma Kreml ciddi-cəhdlə bunun qarşısını almağa
çalışacaq. Buna da hazır olmalıyıq.
“Sülh müqaviləsinin imzalanması mümkündür lakin Ermənistan
burada ciddi addımlar atmalıdır. Təbii ki, ABŞ da istəyir ki, proses sürətlənsin.
Əgər bu görüş baş tutsa, bir neçə digər mühüm məsələlər də müzakirə obyekti ola
bilər. Bura sərhədlərin delimitasiya, demarkasiyası, kommunikasiyaların
açılması və sərhədboyu təhlükəsizliyin bərpası, Zəngəzur dəhlizinin statusu və
konkret açılışı məsələsi, Qarabağdan köçmüş erməni əhalisinin reinteqrasiyası məsələsini
də Ermənistan ortaya qoya bilər və başqa məsələlər daxil ola bilər. Bu görüş
ciddi siyasi hadisə ola bilər. Vaşinqton yalnız Azərbaycanın tam şəkildə
hüquqları qorunmaq şərti ilə bu məsələnin həllinə çalışmalıdır”.
Politoloq Turan Rzayev isə qeyd edib ki, bu tipli xəbərlər adətən
tərəflərin nəbzini yoxlamaq üçün də dünya mətbuatına yayılır.
“Rəsmi bəyanatın olmaması bu görüşü qeyri-müəyyən edir.
Prinsipcə, iki ölkə arasında sülh sazişi sənədi hazırdır, təbii ki, mübahisəli
məsələlər qalmaqdadır. Amma ən azında ilkin sülh müqaviləsi üçün demək olar ki,
işlər böyük ölçüdə bitib. Görüş yerinin təyin edilmə məsələsi təbii ki, müzakirə
edilə bilər amma bunun Vaşinqtonda baş tutub-tutmayacağı sual altındadır. Çünki
faktiki olaraq bundan əvvəlki görüş neytral ölkə olan BƏƏ-də – Əbu Dabi şəhərində
baş tutmuşdu. Bu ölkənin seçilməsi təsadüfi deyil, BƏƏ-nin həm iki ölkə ilə
yaxşı münasibətləri var, həm də tərəfsiz ölkədir. Amma hazırda qeyd edildiyi
kimi ABŞ-ın vasitəçiliyi ilə görüşün keçirilməsi işin rəngini müəyyən qədər dəyişir.
Bu tipli xəbərlər adətən tərəflərin nəbzini yoxlamaq üçün də verilir. Müqayisə
üçün demək olar ki, İspaniya nəşrində Zəngəzur dəhlizinin ABŞ-ın idarəsinə
verilməsi ilə bağlı xəbərin yayılmasını da nümunə göstərə bilərik. Amma Azərbaycan
tərəfi rəsmi olaraq buna razı olmadığını bildirdi və bir növ top Ermənistana
atıldı. Bu məqamda ABŞ-da belə bir görüş keçirilsə, Rusiya və digər qüvvələr də
öz mövqelərini nümayiş etdirmək istəyəcəklər. Buna görə də, Azərbaycan tərəfsiz
olan bir ölkə daxilində görüşün keçirilməsinin tərəfdarıdır. Xüsusilə, Tramp “Nobel
sülh mükafatı” almaq istəyir. Bunun üçün də münaqişələri özünün və ölkəsinin
moderatorluğunda bitirmək istəyir. Hazırda dünya üzrə yekunlaşması ən real
görünən münaqişə Azərbaycan-Ermənistan münaqişəsidir. Tramp da bunun fərqindədir
və bu münaqişəni bitirib həmin mükafatı almaq istəyir. Bəs Azərbaycan bunda
maraqlıdırmı? Mən Bakının bu qədər sürətli və tərəf əsaslı bitməsində maraqlı
olduğunu düşünmürəm. Təbii ki, şəraitdən və vəziyyətdən asılı olaraq fərqli ssenarilərin
də şahidi ola bilərik amma ən azından Azərbaycan Amerikanın vasitəçiliyində
prosesin bitməsini istəsə idi, bundan əvvəlki görüş Əbu Dabidə deyil, ABŞ-ın
istənilən şəhərində baş tuta bilərdi. Ona görə də hələ ki gözləmək lazımdır. Rəsmi
Bakının mövqeyi bəlli olduqdan sonra biz bu suallara daha dəqiq cavab verə bilərik”.
Fidan Vəlisoy