Azərbaycan Prezidentinin 30 dekabr 2025-ci il tarixli qərarı ilə müharibə əlilləri və şəhid ailələri daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı ödənilən rüsumlardan azad olunurlar.
Ölkə başçısının 30 dekabr 2025-ci il tarixli “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunlarda dəyişiklik etməsi ilə müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı dövlət rüsumundan azad olunurlar.
Qanunlara edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslər daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bəzi xidmətlər və hüquqi hərəkətlər üzrə dövlət rüsumundan azad olunur.
Bundan sonra həmin kateqoriyaya aid şəxslər daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin (mənzil, qeyri-yaşayış sahəsi) bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılması, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi, ipotekanın əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi, torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə – hər döngə nöqtəsi üçün, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi üçün tələb olunan rüsumların ödənilməsindən azaddırlar.
Bu qərar müharibə əlilləri və şəhid ailələrinin hüquqlarının qorunmasını gücləndirir və onların daşınmaz əmlak sahəsində dövlət prosedurlarından daha rahat faydalanmalarına imkan yaradır.
Sima Babayeva






















