İran İslam Respublikasında davam edən etiraz aksiyaları artıq siyasi müstəviyə keçib. Hadisələr zamanı çox sayda ölən və yaralananların olduğu, ayrı-ayrı bölgələrdə silahlı toqquşmaların baş verdiyi bildirilir. Tehran rejimi narazılığın qarşısını almaq üçün zorakılıqla yanaşı alternativ üsullara da əl atıb.
Belə ki, ölkənin bir sıra ərazilərində internet və elektrik enerjisinin verilişi dayandırılıb. Mütəxəssislərin fikrincə, bu addımın əsas məqsədi etirazçılar arasında koordinasiyanı zəiflətmək, aksiyaları lokallaşdıraraq nəzarət altına almaqdır.
Qeyd edək ki, etirazlar ilkin mərhələdə iqtisadi səbəblərlə başlamışdı. Əhali milli valyuta – rialın ABŞ dollarına nisbətdə kəskin şəkildə dəyərdən düşməsi fonunda narazılığını ifadə etmək üçün küçə və meydanlara çıxmışdı.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Referans Media-ya bildirib ki, İran valyutasının dəyər itirməsi uzun illərdir davam edən beynəlxalq sanksiyalar və neft gəlirlərinin azalması ilə birbaşa bağlıdır:
“İran uzun müddətdir sanksiyalar altında yaşayır. Neft ixracının həcmi azalıb və mövcud ixrac da əsasən ucuz qiymətə həyata keçirilir. Xüsusilə Çin İran neftini aşağı qiymətə alır. Bu isə ölkəyə daxil olan valyuta axınını zəiflədir və nəticədə rial dollar və digər valyutalar qarşısında dəyərdən düşür”.
Ekspertin sözlərinə görə, yaranmış vəziyyət Azərbaycan–İran ticari-iqtisadi əlaqələrinə də təsirsiz ötüşməyəcək. Məntiqə əsasən, rialın ucuzlaşması fonunda İran məhsullarının Azərbaycana daha aşağı qiymətlə idxalı mümkün ola bilər.
Analitiklər vurğulayır ki, milli valyutanın kəskin dəyərsizləşməsi və sürətli inflyasiya prosesləri ölkədə sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Qapalı və təhlükəsizlik riski yüksək olan ölkə kimi İranın turizm potensialından da istifadə edə bilməməsi dövlət büdcəsinə əlavə təzyiq yaradır.
Rəsmi Tehranın bu böhrandan hansı yollarla çıxacağı hələlik bəlli deyil. Hadisələrin inkişafı yaxın dövrdə vəziyyətin hansı istiqamətdə dəyişəcəyini göstərəcək.
Sima Babayeva























