image-kaskobackend

Lizinq və kreditdə KASKO tələbi: Şirkətlərinin tələbi qanunidir?

Avtomobil krediti və lizinq götürən vətəndaşlar tez-tez KASKO sığortasının məcburi olub-olmamasını soruşurlar. Hüquqşünas Ramil Süleymanov bu məsələyə aydınlıq gətirib.

Referans Media xəbər verir ki, hüquqşünas Ramil Süleymanov lizinq şirkətlərinin KASKO sığortanı məcburi tələb etməsinin hazırkı qanunvericilik baxımından qanunsuz hesab edilmədiyini bildirib.

Onun sözlərinə görə, bu tələbi təkcə lizinq şirkətləri deyil, eyni zamanda avtomobil krediti verən banklar və bank olmayan kredit təşkilatları da irəli sürür:

“Mövcud qanunvericilikdə KASKO sığortanın məcburi olmasını qadağan edən birbaşa norma yoxdur. Eyni zamanda, bu məsələdə kreditor təşkilatlara konkret məhdudiyyət də qoyulmayıb. Bu səbəbdən tərəflər arasında hüquqi sərbəstlik mövcuddur.”

Hüquqşünas qeyd edib ki, maliyyə ayıran qurumlar bu tələbi öz risklərini sığortalamaq məqsədilə irəli sürürlər. Çünki lizinq və ya kredit müddətində avtomobil yararsız hala düşərsə və ya tam məhv olarsa, kreditor təşkilat avtomobilin əvəzinin ödənilməsi ilə bağlı risklə üzləşir.

“Kreditor təşkilat avtomobilin gələcəkdə necə istifadə olunacağını nəzarətdə saxlaya bilmir. Bu riskləri minimuma endirmək üçün KASKO sığortanı şərt kimi irəli sürür.”

Onun sözlərinə görə, bu praktika inkişaf etmiş ölkələrin əksəriyyətində də tətbiq olunur. Bəzi hallarda isə lizinq şirkətləri KASKO xərclərini öz üzərlərinə götürərək bunu ümumi ödəniş məbləğinə daxil edirlər.

KASKO sığortasının tələb olunması hazırkı qanunvericilik baxımından qanunsuz hesab edilmir və bu, həm lizinq, həm də kredit müddətində maliyyə təhlükəsizliyinin təmin olunması məqsədini daşıyır. Vətəndaşlar isə seçim zamanı bu xərci nəzərə almalıdırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki