Azərbaycanda bəzi həkim kateqoriyalarının əməkhaqqının artırılması məsələsi yenidən gündəmə gəlib. Lakin bu artımın səhiyyə sistemində çalışan bütün həkimləri əhatə etməməsi müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən tanınmış həkim, professor Adil Qeybulla bildirib ki, sözügedən artım bütün həkimlərə şamil olunmur.
Onun sözlərinə görə, TƏBİB rəhbərliyinin açıqlamasından da bəlli olduğu kimi, maaş artımı müəyyən kateqoriyadan olan həkimlərə, o cümlədən təcili tibbi yardım sistemində çalışanlara aiddir.
“Əvvəla qeyd edim ki, TƏBİB-in rəhbərliyi çıxış edib dedi ki, bu artım TƏBİB-də müəyyən həkim kateqoriyasına aiddir. Təcili yardımda işləyən və daha çox çalışan hesab edilən müəyyən həkimlər nəzərdə tutulur. Yəni bu, Azərbaycandakı bütün həkimləri əhatə etmir”, – deyə Adil Qeybulla vurğulayıb.
Professor qeyd edib ki, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra qurumlarda çalışan tibb işçilərinin əməkhaqqında bu dəyişiklik öz əksini tapmır.
“Nəzərə alın ki, Səhiyyə Nazirliyinin tabeliyində olan qurumlarda, elmi-tədqiqat institutlarında, Məhkəmə-Tibbi Ekspertizasında, səhiyyə idarələrində bu rəqəm dəyişmir. Hələ mən Tibb Universitetini demirəm. Yəni dövlətin ona da köməyi olmalıdır”, – deyə o bildirib.
Adil Qeybulla hesab edir ki, həkimlərin əməkhaqqı məsələsinin birdəfəlik və sistemli şəkildə həlli üçün onların statusuna yenidən baxılmalıdır. Onun fikrincə, həkimlər dövlət qulluqçusu statusuna salınmalı və onların fəaliyyətinə uyğun sabit əməkhaqqı sistemi tətbiq edilməlidir.
“İnsanları bir dövlət qulluqçusu statusuna salıb, onlar üçün fiks olunmuş müəyyən bir maaş nəzərdə tutmaq lazımdır. Bu maaş həkimin iş stajından, qradasiyasından və digər göstəricilərindən asılı olaraq dəyişməlidir. Dünyada belədir bu məsələ”, – deyə professor qeyd edib.
O, mövcud maaş artımının müəyyən həkim qruplarını əhatə etməsini müsbət hal kimi qiymətləndirsə də, bunun səhiyyə sistemində ciddi nəticə yaradacağına inanmır.
“Bunun xüsusi bir nəticəyə gətirib çıxaracağını düşünmürəm. Amma hər halda maaş artımı bütövlükdə, hətta az hissəni də əhatə etsə, yaxşı haldır. Çalışmaq lazımdır ki, bu sosial rifah bütövlükdə səhiyyəni əhatə etsin”, – deyə Adil Qeybulla əlavə edib.
Beləliklə, ekspert hesab edir ki, ayrı-ayrı həkim kateqoriyalarına edilən maaş artımları müsbət addım olsa da, səhiyyə işçilərinin sosial rifahının yaxşılaşdırılması üçün daha geniş və vahid əməkhaqqı siyasətinə ehtiyac var.
Sima Babayeva
