“Həzi Aslanov” stansiyasının dalanında aparılan əsaslı təmir və yenidənqurma işlərinin cari ilin noyabr ayının sonunda yekunlaşdırılması nəzərdə tutulur. Hazırda işlər son mərhələdədir.
Referans Media xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, “Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Onun sözlərinə görə, “AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin Qırmızı xəttinin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələyə başlanılıb.
Yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilir. Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrində gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib.
Son mərhələ çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır, xüsusi boya maddələri vurulur. Karbon lifli müasir inşaat materialı ilə örtük tavasının əlavə möhkəmləndirilməsi həyata keçirilir. Drenaj xətlərinin çəkilişi davam etdirilir, kommunikasiya xətlərinin quraşdırılmasına başlanılıb. Həmçinin qatarların baxışı və dayanması üçün körpücük inşa olunur.
Layihəyə uyğun olaraq, ümumi uzunluğu 1000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit bloklardan qurulub. Dörd yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb.
Sahədə elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi, su, kanalizasiya, havalandırma və digər mühüm sistemlərin yenilənməsi plana əsasən davam etdirilir.
Yenidənqurma işləri zamanı konstruksiyaların dayanıqlılığının artırılması, aqressiv qrunt sularının təsirlərinin aradan qaldırılması və dalan infrastrukturunun müasir texniki tələblərə uyğunlaşdırılması məqsədilə müntəzəm müayinələr aparılır. Müvafiq yoxlamaların nəticələrinə əsasən, yağış mövsümündə ərazi boyunca son ehtiyat tədbirləri görüləcək.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icrasına dair tədbirlər planı əsasında həyata keçirilir.
Dalan yolları qatarların gecələməsini, çevik idarə olunmasını, qısa intervallarla hərəkətini, baxış və texniki xidmətini təmin edən mühüm infrastrukturdur. Uzunmüddətli istismar və ərazinin mürəkkəb hidrogeoloji şəraiti “Həzi Aslanov” stansiyasının dalanının konstruktiv elementlərinə qrunt sularının ciddi təsir göstərməsi və divarlarda eroziyanın yaranması ilə nəticələnib.
Yenidənqurma işlərinin cari ilin noyabr ayının sonunda yekunlaşdırılması nəzərdə tutulur.
Gülnaz Abdullazadə
