Mürəbbə, turşu, konserv satanlara XƏBƏRDARLIQ: Yeni tələblər gəlir

Evdə hazırlanan mürəbbə, turşu, konserv və digər qida məhsullarının satışına yeni tələblərin tətbiqi nəzərdə tutulur. Qida mütəxəssisi hesab edir ki, belə məhsulların satışında əsas meyar onların evdə hazırlanması deyil, təhlükəsizliyinin, keyfiyyətinin və izlənəbilənliyinin təmin olunması olmalıdır.

Referans Media-nın suallarını cavablayan qida mütəxəssisi Fərid Səfərov bildirib ki, istehlakçı məhsulu alarkən onun hansı şəraitdə hazırlandığını, tərkibini, hazırlanma və qablaşdırılma tarixini, saxlanma şərtlərini və yararlılıq müddətini bilməlidir.

Onun sözlərinə görə, qida məhsullarının satışında məhsul haqqında məlumatların istehlakçıya təqdim edilməsi mühüm tələblərdən biridir.

“Hazırlanma mərhələsində ilk növbədə xammalın keyfiyyəti və təmizliyi təmin edilməlidir. Meyvə-tərəvəz yaxşı yuyulmalı, kiflənmiş, çürümüş və zədələnmiş xammaldan istifadə edilməməlidir. Hazırlanma zamanı əllərin, qabların, iş səthlərinin və alətlərin təmizliyi qorunmalı, çiy məhsullarla hazır məhsulun təması mümkün qədər məhdudlaşdırılmalıdır.

Qida məhsulları çirklənmədən və zərərvericilərdən qorunmalı, temperatur rejiminə də nəzarət edilməlidir.

Konservlərdə isə məsələyə daha ciddi yanaşmaq tələb olunur. Çünki düzgün sterilizasiya aparılmadıqda, bankanın hermetikliyi pozulduqda və ya saxlanma rejiminə əməl edilmədikdə botulizm kimi ağır qida zəhərlənmələri riski yarana bilər.

AQTA da ev şəraitində hazırlanan konservlərdə sterilizasiya, gigiyena, qablaşdırmanın hermetikliyi və saxlanma rejiminin xüsusi əhəmiyyət daşıdığını bildirir. Şişmiş, sızdıran, qapağı qalxmış, bulanıqlıq, qaz əmələ gəlməsi və ya qeyri-adi qoxu müşahidə olunan konservlər satışa buraxılmamalıdır.

Məhsulların qablaşdırılması da təhlükəsizliyin bir hissəsidir. Qab qida ilə təmas üçün uyğun, təmiz, bütöv və məhsulu xarici çirklənmədən qoruyan xüsusiyyətə malik olmalıdır. Etiketdə ən azı məhsulun adı, tərkibi, xalis çəkisi, hazırlanma və qablaşdırılma tarixi, saxlanma şəraiti, yararlılıq müddəti və istehsalçı haqqında məlumatların göstərilməsi məqsədəuyğundur. Beləliklə, istehlakçı məhsulun mənşəyi və istifadəsi barədə düzgün qərar verə bilər.

Saxlanma müddətinə gəlincə, bütün ev məhsulları üçün “6 ay”, “1 il” və ya başqa vahid müddət müəyyən etmək düzgün yanaşma olmaz. Mürəbbə, turşu, tərəvəz konservi, meyvə konservi, sous və digər məhsulların mikrobioloji təhlükəsizliyi onların tərkibindən, turşuluğundan, şəkər və duz miqdarından, istilik emalından, qablaşdırmadan və saxlanma temperaturundan asılıdır.

Yararlılıq müddəti məhsulun konkret texnologiyası və saxlanma şərtləri nəzərə alınmaqla əsaslandırılmalıdır. AQTİ-də qida məhsullarının rəf ömrünün müəyyənləşdirilməsi üçün laborator sınaqlar aparılır.

Satış üçün nəzərdə tutulan ev məhsullarında “dadı və görünüşü yaxşıdırsa, deməli təhlükəsizdir” prinsipi kifayət etməməlidir. Bəzi təhlükəli mikroorqanizmlər məhsulun görünüşünü və qoxusunu ciddi şəkildə dəyişdirmədən də sağlamlıq üçün risk yarada bilər.

Buna görə də xüsusilə konservlərdə texnoloji proses, qablaşdırma, saxlanma temperaturu və lazım gəldikdə laborator nəzarət əsas götürülməlidir.

Fərid Səfərov qeyd edib ki, evdə hazırlanmış məhsulların satışına şərait yaradılırsa, həm kiçik istehsalçını, həm də istehlakçını qoruyan sadə, aydın və risk əsaslı qaydalar tətbiq edilməlidir.

“Məqsəd ənənəvi ev məhsullarının satışını çətinləşdirmək deyil, onların təhlükəsiz hazırlanmasını, düzgün etiketlənməsini, uyğun şəraitdə saxlanmasını və elmi əsaslandırılmış müddət ərzində istehlakçıya təqdim edilməsini təmin etmək olmalıdır”, – deyə mütəxəssis vurğulayıb.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki