Polşa polisi ölkədə məscid və məktəbi hədəf alan mümkün terror hücumunun qarşısının alındığını açıqlayıb.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, Varşava prokurorluğunun məlumatına görə, 2009-cu il təvəllüdlü Polşa vətəndaşı Pawel G. saxlanılıb.
Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) onun daha əvvəl saxlanılan 16 yaşlı iki şəxslə əlaqəsinin araşdırma zamanı müəyyən edildiyini bildirib.
İstintaqa görə, şübhəli digər iki yeniyetmə ilə mesajlaşma platformaları vasitəsilə terror aktının hazırlanmasını müzakirə edib.
ABW açıqlamasında şübhəlilərin neo-nasist çevrələrlə əlaqəli olduqları və əvvəlki terror hücumları barədə müzakirələr apardıqları bildirilib.
Agentliyin məlumatına görə, bəzi yazışmalarda mümkün hücumların planlaşdırılması ilə bağlı söhbətlər aparılıb. Şübhəlilərin daha əvvəl kütləvi qətllər törətmiş terrorçuların istifadə etdiyi üsulları müzakirə etdikləri və həmin şəxslərin fəaliyyətlərini nümunə kimi nəzərdən keçirdikləri qeyd olunub.
Polşanın ədliyyə naziri Valdemar Zurek hücum planında məscid və məktəbin hədəf olaraq müəyyənləşdirildiyini açıqlayıb və cinayətin qarşısı son anda alınıbd.
Nazir ölkədə faşizm, nifrət və qanlı hücumların planlaşdırılmasına qarşı tədbirlərin davam etdiriləcəyini bildirib.
İstintaq çərçivəsində saxlanılan Pawel G.-nin 15 ilədək həbs cəzası ilə üzləşə biləcəyi bildirilir.
Araşdırmada adı keçən 16 yaşlı Kacper K. və Wiktor S. adlı digər iki yeniyetmənin isə yetkinlik yaşına çatmayanlar üçün islah müəssisələrinə yerləşdirildiyi açıqlanıb.
