Sentyabrın 24-də payız fəslinin ikinci maqnit qasırğasının Yer kürəsində müşahidə oluna biləcəyi proqnozlaşdırılır.
Referans Media Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimlərin proqnozuna görə, mümkün maqnit qasırğasına Günəşdə yaranan böyük tac dəliyindən çıxan Günəş küləyinin sürətli axını səbəb ola bilər. Tac dəlikləri Günəş atmosferində maqnit sahə xətlərinin açıq olduğu bölgələrdir.
Bu ərazilərdən kosmosa sürətli Günəş küləyi axını yayılır. Belə axınların Yerə çatması planetin maqnit atmosferində pozuntulara və maqnit qasırğalarına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, Yer kürəsi Günəşin cənub qütbündən ekvatora doğru uzanan böyük tac dəliyinin kənarından keçən axının təsirinə məruz qala bilər. Qeyd edək ki, sentyabr ayının əvvəlində də Yer kürəsində maqnit qasırğası qeydə alınıb.
Sentyabrın 7-də Günəşdən Yer istiqamətində atılan plazma buludu planetə çatıb, sentyabrın 8-dən etibarən isə geomaqnit pozuntular müşahidə olunub. Alimlər bununla yanaşı, son iki il ərzində Günəş aktivliyinin təxminən üç dəfə azaldığını bildirirlər. Buna baxmayaraq, ayrı-ayrı güclü maqnit qasırğalarının baş verməsi mümkündür. Çünki belə hadisələrin yaranması üçün ümumi Günəş aktivliyinin yüksək olması şərt deyil; Günəş atmosferində lokal dəyişikliklər və Günəş küləyinin ayrı-ayrı sürətli axınları da Yer kürəsində geomaqnit pozuntular yarada bilər.
