İngiltərədə Məhəmməd Salah üsyanı: "Bizə yalan danışdılar!"

Məhəmməd Salahın Trabzonspor forması ilə möhtəşəm çıxışı İngiltərədə böyük rezonans doğurub.

Referans Media xəbər verir ki, Qalatasaray üzərində 4:0 hesablı qələbə qazanan Trabzonsporun heyətində het-trik edən və digər qola da assist verən misirli ulduz futbolçu mövsümə 7 qol və 2 məhsuldar ötürmə ilə başlayıb. Bu performans İngiltərədə xüsusilə Liverpool FC azarkeşlərinin ciddi reaksiyasına səbəb olub.

Salahın Qalatasarayla matçda 4-cü, 44-cü və 80-ci dəqiqələrdə vurduğu qollar, həmçinin 39-cu dəqiqədə etdiyi məhsuldar ötürmə diqqət çəkib.

Xüsusilə onun uzun məsafəli driblinqlərdən sonra vurduğu qollar azarkeşlərə misirli futbolçunun əvvəlki sürət və texnikasından heç nə itirmədiyini göstərib.

Salahın 10 il formasını geyindiyi Liverpulun tərəfdarları sosial şəbəkələrdə klub rəhbərliyinə və baş məşqçi Arne Slota etiraz ediblər.

Azarkeşlər bildiriblər ki, futbolçunun ayrılığı zamanı onlara yanlış məlumat verilib.

Onların yazdığı şərhlərdə belə ifadələr yer alıb:
"Bizə onun artıq qaça bilmədiyini dedilər. Pul qazanmaq üçün getdiyini söylədilər. Məhəmməd Salahın artıq sürətini itirdiyini dedilər."

Başqa bir azarkeş isə bildirib:
"Arne Slotun Məhəmməd Salahın artıq bitdiyinə dair Liverpul rəhbərliyini inandıra bildiyinə inana bilmirəm."

34 yaşlı Salah ötən mövsüm bəzi zədələr, Afrika Millətlər Kuboku və Arne Slotla yaşadığı fikir ayrılıqları səbəbindən əvvəlki illərdəki statistikasını təkrarlaya bilməmişdi.

Bundan əvvəl futbolçunun yaşlandığı və fiziki baxımdan əvvəlki səviyyəsində olmadığı iddia edilirdi. Lakin Trabzonspor forması ilə göstərdiyi oyun onun hələ də yüksək səviyyədə çıxış edə biləcəyini nümayiş etdirib.

Misirli ulduzun Türkiyə Super Liqasındakı performansı İngiltərədə "Salah həqiqətən də zəifləyibmi?" sualını yenidən gündəmə gətirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki