Pensiyalarla bağlı ŞAD XƏBƏR VERİLDİ: bu qədər artım olacaq

2026-cı ildə pensiyaların nominal olaraq artmasına baxmayaraq, qiymətlərin yüksəlməsi pensiyaçıların real alıcılıq qabiliyyətinə təsir göstərməkdə davam edir. İqtisadçı hesab edir ki, orta pensiyanın 596 manata çatması və təxminən 10 faizlik artım alıcılıq qabiliyyətində müəyyən yüksəliş yaratsa da, bu artım pensiyaçıların sosial ehtiyaclarını tam qarşılamaq üçün kifayət deyil.

Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, 10 faizlik artım pensiya alan əhalinin alıcılıq qabiliyyətində təqribən 3-4 faizlik artımın olmasını göstərir:

“Lakin nəzərə alsaq ki, 596 manat orta aylıq pensiyadır və bu məbləğin altında on minlərlə vətəndaşımız daha az pensiya alır. Yəni, yüksək vəzifələrdə, dövlət qurumlarında çalışan şəxslərin pensiyaları təbii ki, aldıqları əməkhaqqına uyğun olaraq daha yüksəkdir. Digər əhalinin pensiyası isə daha aşağıdır və bunların ümumi cəmi olaraq orta aylıq pensiya məbləği müəyyən olunur.

596 manatın altında kifayət qədər minlərlə vətəndaşımız var ki, ondan az pensiya alır. Bunu da nəzərə alsaq, pensiya məbləğinin, xüsusilə minimum pensiya məbləğinin yüksəldilməsinə çox böyük ehtiyac var.

Hazırkı qiymətlər, istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarının qiymətləri və real inflyasiya, real qiymət artımı göstərir ki, pensiya məbləğlərinə yenidən baxılmalıdır. Statistik məlumatlar pensiya alan insanların alıcılıq qabiliyyətinin 3-4 faiz artdığını göstərsə də, düşünürəm ki, bu kifayət deyil. Bu istiqamətdə yenə də pensiya məbləğində artımlar həyata keçirilməlidir. Təkcə pensiya yox, eyni zamanda minimum əməkhaqqında da artım olmalıdır.

Lakin bu artımların həyata keçməsi üçün ölkə iqtisadiyyatını istehsal istiqamətində inkişaf etdirmək, istehsaldan və eyni zamanda məhsul ixracından əldə olunan gəlirlər hesabına dövlət büdcəsini zənginləşdirmək lazımdır ki, hər hansı bir pensiya və yaxud əməkhaqqı artımı son nəticədə dövlət büdcəsində problem yaratmasın.

İqtisadi inkişaf istiqamətində hökumətin atdığı addımlar davam edir və düşünürəm ki, sosial istiqamət Azərbaycan dövlətinin həmişə nəzərindədir. Vətəndaşların maddi rifahının, onların əməkhaqqı və pensiya məbləğlərinin artırılması hər il indeksasiya yolu ilə həyata keçirilir.

Lakin mövcud qiymət artımı və real qiymət artımından sonra bu istiqamətdə daha fərqli qərarların qəbul edilməsinin zəruriliyi ortaya çıxır. Çünki indiki qiymətlərlə və hazırkı şəraitdə pensiya alan şəxslərin yalnız minimum qida ehtiyaclarını həmin pensiya məbləği hesabına ödəmək imkanları var”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki