Trampın yeni Körfəz planı: Enerji infrastrukturu üçün 10 milyard dollarlıq fond təklifi

ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla müharibə zamanı zərər görən Körfəz ölkələrinin enerji infrastrukturunun bərpası üçün 10 milyard dollarlıq fond yaradılmasını təklif etdiyi bildirilir.

Referans Media xəbər verir ki, "The Wall Street" jurnalının məlumatına görə, Vaşinqton yeni fonda 5 milyard dollar vəsait ayırmağı, qalan 5 milyard dolların isə regiondakı 8 ölkə tərəfindən qarşılanmasını istəyir.

İranla müharibə zamanı Körfəz bölgəsində yerləşən bir sıra enerji obyektləri hücumlardan zərər görüb.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və regionun digər ölkələrindəki enerji infrastrukturlarının zədələndiyi bildirilir.

Bununla yanaşı, dünya neft və qaz daşımaları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazından asılılığın azaldılması məsələsi də gündəmə gəlib.

"Wall Street" jurnalının ABŞ və Yaxın Şərq rəsmilərinə, eləcə də araşdırdığı sənədlərə əsasən yaydığı xəbərdə bildirilir ki, Tramp administrasiyası "Müttəfiq Etibar və Tikinti üçün Tərəfdaşlıq" adlı yeni fonda 5 milyard dollar yatırmağı planlaşdırır.

Vaşinqton həmçinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt, Oman, İraq və İordaniyadan ümumilikdə 5 milyard dollarlıq birgə maliyyələşdirmə təmin etməyi hədəfləyir. Bu, fondun ümumi həcmini 10 milyard dollara çatdıracaq.

Yaradılması təklif olunan fondun əsas məqsədlərindən biri müharibə zamanı zərər görən enerji obyektlərinin yenidən qurulması, həmçinin neft və təbii qazın Hörmüz boğazından kənar alternativ marşrutlarla daşınması üçün yeni infrastruktur layihələrinin maliyyələşdirilməsi olacaq.

Məlumata görə, planla bağlı danışıqlar davam edir və yekun şərtlər hələ müəyyənləşdirilməyib.

Bölgədəki bəzi rəsmilərin isə İranla hərtərəfli sülh razılaşması əldə edilmədən yeni enerji layihələrinin qurulmasına başlamağın tez olduğunu düşündüyü bildirilir.

"Reuters" də "Wall Street" jurnalının xəbərini yayımlayıb, lakin təklifin bütün detallarını müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki