Azərbaycanın neft ixracında İtaliyanın payının 2026-cı ilin yanvar-avqust aylarında 57,7%-ə çatması diqqətçəkən göstəricidir.
Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu dövrdə Azərbaycandan İtaliyaya 8,47 milyon ton xam neft göndərilib və onun dəyəri 5,23 milyard dollar olub. Bu göstərici fiziki həcmdə illik 7,9% azalma, ixracın dəyərində isə 8,8% artım olduğunu göstərir.
Onun sözlərinə görə, bu göstəricinin arxasında bir neçə amil dayanır:
“Əvvəla, İtaliya Azərbaycanın neftinin Avropa bazarına çıxışı baxımından böyük və sabit alıcılardan biridir. 2025-ci ildə də Azərbaycan neftinin 55,6%-i İtaliyaya ixrac olunub. Digər tərəfdən, İtaliyanın özü enerji təchizatını şaxələndirməyə çalışır və Azərbaycanı həm neft, həm də təbii qaz üzrə mühüm tərəfdaş hesab edir. 2026-cı ilin ilk yarısında Azərbaycan İtaliyanın xam neft idxalının təxminən 13%-ni təmin edib və ölkənin ikinci ən böyük neft təchizatçısı olub”.
İqtisadçı qeyd edib ki, burada mühüm məqam İtaliyanın Azərbaycanın neft ixracında 57,7% paya malik olmasının İtaliyanın dünya üzrə neft idxalının 57,7%-ni Azərbaycandan aldığı anlamına gəlməməsidir:
“Bu, Azərbaycanın öz neft ixracının ölkələr üzrə bölgüsüdür. Yəni söhbət ilk növbədə Azərbaycanın ixrac coğrafiyasının konsentrasiyasından gedir”.
A.Nəsirlinin sözlərinə görə, İtaliyanın əsas istiqamətə çevrilməsi Azərbaycanın ixrac infrastrukturu ilə də bağlıdır:
“Azərbaycan neftinin Avropaya nəqli üçün formalaşmış logistika və boru kəməri infrastrukturu İtaliya bazarını əlçatan edir. İtaliyanın enerji şirkətləri və neft emalı infrastrukturu da Azərbaycan neftinin Avropa bazarında yerləşməsini asanlaşdıran amillərdəndir”.
İqtisadçı bildirib ki, burada əsas risklərdən biri bir ölkənin Azərbaycanın neft ixracında 50%-dən çox paya sahib olması ilə bağlı bazar konsentrasiyasının artmasıdır.
“İtaliyada iqtisadi vəziyyət, neft emalı zavodlarının tələbi, enerji siyasəti, alternativ təchizatçıların şərtləri və ya Azərbaycanın neftinə tələbin azalması ixrac gəlirlərinə daha böyük təsir göstərə bilər. Üstəlik, neftin qiyməti onsuz da dünya bazarında dəyişkəndir. Buna bir də alıcı ölkə üzrə konsentrasiya riski əlavə olunur”, – deyə o vurğulayıb.
Bununla belə, A.Nəsirli hesab edir ki, bunu avtomatik olaraq mənfi tendensiya kimi qiymətləndirmək düzgün olmaz:
“İtaliya böyük və Avropa İttifaqının enerji bazarına daxil olan alıcıdır. Əsas məsələ İtaliya ilə əməkdaşlığı azaltmaq yox, İtaliya bazarındakı yüksək payı digər istiqamətlərin inkişafı ilə balanslaşdırmaqdır. 2025-ci ildə Azərbaycanın ümumi ixracında İtaliyanın payı 45,3% olub və bu da ümumi ixracın müəyyən dərəcədə konsentrasiya olunduğunu göstərir”.
Onun sözlərinə görə, uzunmüddətli baxımdan Azərbaycanın qarşısında iki paralel vəzifə dayanır: mövcud Avropa bazarlarında, o cümlədən İtaliyada mövqeləri qorumaq və eyni zamanda neft-qazdan kənar ixracı, eləcə də neft üçün alternativ alıcı bazarlarını genişləndirmək.
“Bu, təkcə ixrac coğrafiyasının deyil, bütövlükdə Azərbaycan iqtisadiyyatının xarici bazarlardan asılılığının azaldılması baxımından əhəmiyyətlidir”, – deyə iqtisadçı əlavə edib.
Gülnaz Abdullazadə
