Norveçin Arktika bölgəsində qoyun otlağında aparılan araşdırma zamanı təxminən 560 milyon il əvvəl yaşamış canlıya aid nadir fosil tapılıb. Üçölçülü formasını qoruyan fosilin məlum olan ən qədim heyvan nümunələrindən biri olduğu bildirilir.
Referans Media xəbər verir ki, Finnmark bölgəsində uçurumdan düşərək parçalanan qayaların içərisində “Charnia” adlı, qıjıya bənzər canlıya aid fosil aşkar edilib.
Bu, Skandinaviyada “Charnia” növünə aid təsdiqlənmiş ilk tapıntı, Avropada isə uzun illər ərzində bu növə aid aşkarlanan ilk böyük yeni fosil sahəsidir.
Alimlərin sözlərinə görə, bu canlılar mürəkkəb həyatın ilk dəfə meydana çıxdığı Ediakaran dövründə yaşayıblar. Yumşaq bədənli olduqları üçün həmin dövrə aid fosillərə nadir hallarda rast gəlinir.
Tədqiqatçılar bildiriblər ki, sualtı uçqun nəticəsində canlı sürətlə dəniz dibində çöküntülərin altında qalıb. Bu proses onun bədən quruluşunun üçölçülü şəkildə qorunmasına imkan verib.
Alimlər fosildə daha əvvəl yastılaşmış nümunələrdə müşahidə olunmayan bəzi detalları, o cümlədən hər bir budaq boyunca yerləşən nazik çıxıntıları müəyyən ediblər. Araşdırmanın nəticələri “Palaeontology” jurnalında dərc olunub.
