Siirtdə iki uşaq anası Gülhan Börülcənin evində bıçaqlanaraq öldürülməsi ilə bağlı saxlanılan qonşuları Şükrü Kaya (32) və həyat yoldaşı Fatma Kaya (29) məhkəmənin qərarı ilə həbs ediliblər. Cinayəti etiraf edən Şükrü Kayanın qadını qızıllarını ələ keçirmək məqsədilə öldürdüyü müəyyən edilib.
Referans Media xəbər verir ki, hadisə 18 dekabrda Barış məhəlləsindəki lojmanda baş verib. Gülhan Börülcədən xəbər ala bilməyən yaxınlarının müraciəti əsasında hadisə yerinə polis və təcili tibbi yardım briqadaları göndərilib. Mənzildə aparılan baxış zamanı qadının bıçaqlanaraq öldürüldüyü aşkarlanıb. Cəsəd autopsiya üçün Siirt Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb.
Araşdırma zamanı üst mərtəbədə yaşayan qonşuları Şükrü Kaya və həyat yoldaşı Fatma Kaya saxlanılıb. Şükrü Kaya ifadəsində qanunsuz mərc oyunlarında böyük məbləğdə pul itirdiyini, bu səbəbdən Börülcəni öldürərək qızıllarını oğurladığını etiraf edib.
İstintaq tədbirlərindən sonra məhkəməyə çıxarılan cütlük barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.
