Prezident hər kəsin gözlədiyi FƏRMANI imzaladı - Nələr dəyişəcək?

Azərbaycanda texnoparklarla bağlı qaydalara edilən dəyişikliklərin sahibkarlıq mühitinə, startapların inkişafına və texnologiya sahəsinə investisiya qoyuluşuna təsir göstərəcəyi gözlənilir. Əsasnaməyə süni intellekt, rəqəmsal texnologiyalar və innovasiya məhsulları ilə bağlı yeni anlayışların daxil edilməsi, eləcə də rezident və qeyri-rezident statusları ilə bağlı dəyişikliklər texnologiya sahəsində fəaliyyət göstərən sahibkarlar üçün yeni imkanlar və öhdəliklər yarada bilər.

Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda texnoparklarla bağlı qaydalara edilən dəyişikliklər innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən sahibkarlar üçün yeni imkanlar yarada bilər.

Onun sözlərinə görə, süni intellekt, rəqəmsal texnologiyalar və innovasiya məhsulları ilə bağlı anlayışların əsasnaməyə daxil edilməsi bu sahələrin hüquqi çərçivəsini daha aydın müəyyənləşdirməyə kömək edir. Bu, xüsusilə proqram təminatı hazırlayan, süni intellekt həlləri yaradan və yeni texnoloji məhsullar üzərində işləyən startaplar üçün əhəmiyyətlidir.

Akif Nəsirli qeyd edib ki, dəyişikliklər texnoparklarda fəaliyyət göstərmək istəyən şirkətlərin sayının artmasına, yerli və xarici investorların marağının güclənməsinə şərait yarada bilər. Rezident və qeyri-rezident statusları ilə bağlı yeniliklər isə sahibkarların hansı şərtlərlə texnoparkın imkanlarından yararlana biləcəyini daha dəqiq müəyyənləşdirməlidir. Bu, şirkətlərə fəaliyyətlərini planlaşdırmaq, xərclərini hesablamaq və investisiya qərarları vermək baxımından kömək edə bilər.

İqtisadçının fikrincə, yeni qaydalar sahibkarlar qarşısında müəyyən öhdəliklər də yarada bilər. Şirkətlər rezidentlik üçün müəyyən edilmiş tələblərə cavab verməli, fəaliyyətlərinin innovasiya və texnologiya istiqamətinə uyğunluğunu əsaslandırmalı, hesabatlılıq və digər prosedurlara əməl etməlidirlər. Konkret güzəştlər və öhdəliklər isə qüvvədə olan normativ tələblərdən asılıdır.

Akif Nəsirli vurğulayıb ki, əsas məsələ bu dəyişikliklərin praktikada necə tətbiq olunacağıdır. Əgər texnopark rezidentləri üçün nəzərdə tutulan imkanlar əlçatan olsa, müraciət prosedurları sadələşdirilsə və maliyyələşmə imkanları genişləndirilsə, bu, startapların inkişafına və texnologiya sahəsinə investisiyaların artmasına kömək edə bilər.

Onun sözlərinə görə, əks halda, dəyişikliklər yalnız hüquqi çərçivənin yenilənməsi ilə məhdudlaşa bilər. Buna görə də nəticə yeni anlayışların qanunvericiliyə daxil edilməsindən əlavə, real güzəştlərin, institusional dəstəyin və innovativ məhsullar üçün bazarın inkişafından da asılı olacaq.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki