SON DƏQİQƏ: Əli Əsədov qərar imzaladı - 5 dollardan 500 dollara qalxdı

Metal tullantılarının ixracına tətbiq olunan gömrük rüsumlarının kəskin artırılması yerli metallurgiya müəssisələrinin xammalla təminatına, təkrar emal sektoruna və metal məmulatlarının qiymətlərinə təsir göstərə bilər. Qərarın əsas məqsədlərindən biri metal qırıntılarının daxili bazarda qalmasını təşviq etmək olsa da, bu addımın sahibkarların gəlirlərinə və bazardakı rəqabət mühitinə təsiri də diqqət tələb edir. İqtisadi baxımdan əsas məsələ yerli istehsalı dəstəkləməklə yanaşı, metal tullantılarının toplanması və təkrar emalı ilə məşğul olan sahibkarların maraqlarını qorumaqdır.

Referans Media-ya açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib ki, metal tullantıları və qırıntılarının ixracına tətbiq olunan gömrük rüsumlarının kəskin artırılması ilk növbədə yerli metallurgiya müəssisələrinin xammalla təmin olunmasını yaxşılaşdırmaq məqsədi daşıyır. Bu qərar ixrac əməliyyatlarının iqtisadi cəlbediciliyini əhəmiyyətli dərəcədə azalda bilər.

İqtisadçının sözlərinə görə, qərarın müsbət tərəfi əvvəllər xarici bazarlara çıxarılan metal qırıntılarının müəyyən hissəsinin daxili bazarda qalmasıdır. Yerli müəssisələrin kifayət qədər istehsal gücü, emal texnologiyası və maliyyə imkanları olarsa, onlar həmin xammaldan istifadə etməklə daha yüksək əlavə dəyər yarada, metal məmulatlarının istehsalını artıra və bəzi məhsullar üzrə idxaldan asılılığı azalda bilərlər. Bu, həm sənaye istehsalına, həm də məşğulluğa müsbət təsir göstərə bilər.

Lakin Asif İbrahimov qeyd edib ki, ixrac rüsumunun artırılması öz-özlüyündə yerli istehsalın artacağına və məhsulların ucuzlaşacağına zəmanət vermir. Daxili bazarda metal tullantılarının təklifi artsa belə, həmin xammalı emal edəcək müəssisələrin istehsal gücü məhduddursa, elektrik enerjisi, logistika, əmək və digər istehsal xərcləri yüksəkdirsə, gözlənilən nəticə əldə olunmaya bilər.

İqtisadçı bildirib ki, digər ciddi risk metal tullantılarının toplanması, çeşidlənməsi, daşınması və ilkin emalı ilə məşğul olan sahibkarların gəlirlərinin azalmasıdır. Bu sahibkarlar metal qırıntılarını əhalidən, tikinti və sənaye müəssisələrindən toplayır, çeşidləyir və emal müəssisələrinə və ya xarici alıcılara satırlar.

Onun sözlərinə görə, ixrac rüsumunun kəskin artırılması xarici alıcıların ödəməyə hazır olduğu qiymətlə yerli satıcının əldə etdiyi gəlir arasındakı fərqi dəyişə bilər. İxrac xərcləri artdıqda sahibkarlar həmin yükü öz mənfəətləri hesabına qarşılaya və ya alış qiymətlərini aşağı sala bilərlər.

Asif İbrahimov nümunə olaraq bildirib ki, hər ton metal qırıntısının ixracına görə əvvəllər 7 dollar rüsum ödənilirdisə, indi bu məbləğ 500 dollara çatır. Digər xərclər dəyişməz qaldıqda, hər ton üzrə əlavə 493 dollar rüsum yükü yaranır. Bu fərq kiçik və orta sahibkarların fəaliyyəti üçün ciddi iqtisadi maneəyə çevrilə bilər.

İqtisadçı vurğulayıb ki, sahibkarların gəlirləri azaldıqca metal tullantılarının toplanmasına maraq zəifləyə, dövriyyə həcmi kiçilə və nəticədə yerli müəssisələr üçün xammal təchizatının dayanıqlılığı da risk altına düşə bilər.

Metal məmulatlarının maya dəyərinə və son istehlak qiymətlərinə təsirə gəlincə, Asif İbrahimov bunun bir neçə amildən asılı olduğunu bildirib. Onun sözlərinə görə, yerli müəssisələr xammalı daha münasib qiymətə əldə edib istehsalı genişləndirərsə, maya dəyərinin azalması mümkündür. Lakin daxili təchizatçılar bazarda az sayda iri alıcının mövcudluğundan istifadə edərək alış qiymətlərini aşağı səviyyədə saxlayarsa, xammalın ucuzlaşmasından yaranan iqtisadi fayda istehsal zəncirinin bütün iştirakçılarına çatmaya bilər.

Eyni zamanda, yerli istehsalın həcmi artmadıqda və metal məmulatlarına tələb yüksək qaldıqda, son məhsulların qiymətində əhəmiyyətli azalma baş verməyə bilər.

İqtisadçı hesab edir ki, qərarın nəticələrinin daha balanslı olması üçün ilk növbədə metal tullantılarının daxili bazarda alqı-satqısı üzrə şəffaf qiymət mexanizmi yaradılmalıdır. Qiymətlər metalın növü, keyfiyyəti, təmizliyi, daşınma məsafəsi və beynəlxalq bazar kotirovkaları nəzərə alınmaqla formalaşmalıdır. Yerli istehsalçıların xammala çıxışı təmin edilməli, eyni zamanda toplayıcı və təkrar emal sahibkarlarının iqtisadi maraqları qorunmalıdır.

Onun fikrincə, rəqabət mühiti zəif olduqda ixrac məhdudiyyətinin faydası xammal toplayan sahibkarların gəlirlərindən yerli emal müəssisələrinin xeyrinə birtərəfli şəkildə yenidən bölüşdürülə bilər.

Asif İbrahimovun sözlərinə görə, digər mühüm mexanizm ixrac rüsumlarının bazar vəziyyətinə uyğun diferensiallaşdırılmasıdır. Bütün metal tullantılarına eyni yanaşma tətbiq etməkdənsə, daxili bazarda faktiki çatışmazlıq, yerli müəssisələrin istehsal gücü və emal imkanları nəzərə alınmalıdır. Daxili tələbatı tam ödəyən və yerli müəssisələrin texniki baxımdan istifadə edə bilmədiyi metal tullantılarının ixracı üçün ayrıca kvota və ya güzəştli mexanizm nəzərdən keçirilə bilər. Bu, həm xammalın ölkə daxilində qalmasına, həm də sahibkarların alternativ satış imkanlarını tam itirməməsinə kömək edər.

İqtisadçı kiçik və orta sahibkarlara maliyyə dəstəyinin göstərilməsini də vacib hesab edir. Onun fikrincə, metal tullantılarının toplanması və çeşidlənməsi ilə məşğul olan müəssisələr üçün güzəştli dövriyyə kreditləri, texnika və avadanlıqların alınmasına dəstək, çeşidləmə və ilkin emal infrastrukturuna investisiya təşviqləri tətbiq oluna bilər. Beləliklə, sahibkarlar yalnız xammal satıcısı kimi deyil, daha yüksək əlavə dəyər yaradan emal zəncirinin iştirakçısı kimi fəaliyyət göstərə bilərlər.

Asif İbrahimov əlavə edib ki, yerli emal müəssisələrinə dövlət dəstəyi onların yalnız xammal almasına görə deyil, istehsal həcminin artmasına, yeni iş yerlərinin yaradılmasına, enerji səmərəliliyinə və yerli bazara təqdim etdikləri məhsulların rəqabət qabiliyyətinə əsaslanmalıdır. Əks halda, ucuz xammal əldə etmək imkanı istehsalın genişləndirilməsi əvəzinə ayrı-ayrı müəssisələrin mənfəət marjasının artmasına xidmət edə bilər.

İqtisadçı qərarın iqtisadi nəticələrinin mütəmadi qiymətləndirilməsinin də vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ixrac həcmi, daxili bazarda metal qırıntılarının alış qiymətləri, toplayıcı sahibkarların gəlirləri, yerli metallurgiya müəssisələrinin istehsalı və metal məmulatlarının son satış qiymətləri üzrə göstəricilər izlənilməlidir. Müəyyən müddətdən sonra xammalın daxili bazarda əlçatanlığı artsa da, istehsal genişlənməzsə və sahibkarların gəlirləri kəskin azalarsa, tətbiq edilən mexanizmlərə yenidən baxılmalıdır.

Asif İbrahimovun fikrincə, sənaye siyasətinin əsas məqsədi yalnız xammalın ölkədən çıxmasını məhdudlaşdırmaq olmamalıdır. Əsas hədəf metal tullantılarından ölkə daxilində daha çox əlavə dəyər yaratmaq, rəqabətqabiliyyətli istehsalı genişləndirmək və bu prosesdə iştirak edən sahibkarların iqtisadi maraqlarını qorumaqdır.

İqtisadçı hesab edir ki, dövlət müdaxiləsi bazarda bir qrup iştirakçının mövqeyini gücləndirərkən digər qrupun fəaliyyətini iqtisadi cəhətdən səmərəsiz vəziyyətə salmamalıdır. Əks halda, qısamüddətli dövrdə yerli zavodlar üçün xammal üstünlüyü yaransa da, uzunmüddətli perspektivdə metal tullantılarının toplanması, təkrar emalı və təchizatı zəncirinin özü zəifləyə bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki