Cari ilin yanvar–aprel aylarında İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyinə (İKTA) hüquqi və fiziki şəxslər tərəfindən radio avadanlıqlarının mülki
dövriyyəsinə xüsusi icazə alınması məqsədilə 350 müraciət daxil olub. Daxil olmuş
müraciətlər üzrə ümumilikdə 16 237 ədəd müxtəlif marka və model avadanlığa dair
qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Referans MEDİA xəbər verir ki, baxılmış müraciətlər əsasında 8 539 ədəd radio avadanlığının mülki dövriyyəsinə
xüsusi icazə verilib. Müraciətlərdə qeyd edilmiş 96 ədəd radio avadanlığına isə
qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi icazənin verilməsindən imtina edilib.
Xüsusi icazə verilməsindən imtina barədə müraciət sahiblərinə ünvanlanmış
məktublarda buna səbəb olan çatışmazlıqlar ətraflı şəkildə göstərilib.
Bununla yanaşı, 4 müraciət üzrə radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi
icazə verilməsi üçün aidiyyəti qurumların rəylərinin təqdim olunması gözlənilir.
Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, idxal olunmuş 7 553 ədəd
avadanlığın mülki dövriyyəsi üçün xüsusi icazə tələb olunmur. Bu barədə müraciət
müəllifləri və aidiyyəti orqanlar məlumatlandırılıb.
Eyni zamanda, üç hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətlər əsasında
aparılan hüquqi və texniki araşdırmalar nəticəsində müxtəlif marka və modellərə aid
ümumilikdə 284 ədəd avadanlığa verilmiş xüsusi icazələrin ləğv edilməsi barədə
qərar qəbul edilib. Qərarlar qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun
qaydada rəsmiləşdirilib və icrası təmin olunub.
Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində
qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq inzibati tədbirlər davam etdirilir.
Xatırladaq ki, 2024-cü ilin mart ayından İKTA tərəfindən “Radioelektron vasitələrə
verilən icazələr” elektron xidməti istifadəyə verilib. Bu xidmətin tətbiqi müraciətlərin
daha operativ və səmərəli cavablandırılmasına imkan yaradır.
Həmçinin 2026-cı ilin yanvar – aprel aylarında “Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikası Qanununa əsasən sürətli poçt xidməti üçün 91 müraciət
üzrə təqdim olunan ərizələrə əlavə edilən sənədlərdəki məlumatların uyğunluğu
qiymətləndirilib.
Nəticədə 85 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət
cavab verilib.
Digər 6 müraciətlə bağlı isə müsbət rəy verilməyib.
Telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin
inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.
